- XƏBƏRLƏR -
177 Arxiv
ASCO Vətən müharibəsinin ilk günündən Zəfər zəngi çalınanadək rəşadətli Ordumuzun yanında idi
2022.11.05 10:33

Əziz həmkarlar!

Qarşıdan bir-birindən gözəl bayramlar gəlir. 8 Noyabr Zəfər Günüdür. Xoşbəxt xalqıq ki, yalnız qaliblərə qismət olan bir bayramı qeyd edirik. Otuz il erməni işğalı altında olan əzəli torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanmasını təmin edən bu möhtəşəm Qələbəni  bizə Vətən müharibəsində sərkərdəlik məharəti ilə bütün dünyanı heyran qoyan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli Ordumuz bəxş etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə ifadə etsək: “Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı. Bizim birgə qələbələrimizin tarixini!”

Öncə Vətən yolunda canından keçmiş bütün  şəhidlərimizin ruhu qarşısında baş əyir, belə igidlər böyüdən valideynlərin əllərindən öpür, qazilərimizə  Allahdan şəfa diləyirik.

İkinci Qarabağ müharibəsində qazanılan və tariximizə qızıl hərflərlə həkk olunan bu Qələbə ilk növbədə Dövlət-Xalq-Ordu birliyinin qələbəsi  idi. Bu, indiyədək çox qələbəyə imza atmış Odlar yurdunun bəlkə də tarix boyunca ən parlaq qələbəsi  idi.

Müstəqilliyimizə, dövlətçiliyimizə qarşı istənilən təhdidin qarşısını almağa qadir müzəffər ordunun yaradılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildən etibarən ölkəmizdə ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Ulu öndərin ordu quruculuğu sahəsində başladığı işlər sonralar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildə andiçmə mərasimində dediyi “Azərbaycanda güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır” sözləri də sadəcə vəd deyildi.  2016-cı ilin Aprel döyüşləri isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbənin ilk sədası idi.  4 günlük döyüşdə bir sıra mühüm strateji mövqelərin nəzarət altına alınması xalqımızın arzuladığı böyük Zəfərə inamına inam qatdı.

Ermənistanın himayədarlarının köməyi və bir çox hallarda məhz yaxından iştirakı ilə  4-5 ilə işğal etdiyi yaşayış məskənlərimizi geri qaytarmaq üçün yenilməz ordumuza – qəhrəman əsgər və zabitlərimizə İkinci Qarabağ savaşında cəmi 44 gün kifayət etdi.

Bu möhtəşəm Qələbədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  Qapalı Səhmdar Cəmiyyəti kollektivinin də xüsusi payı  oldu. Savaşın ilk günlərindən könüllü cəbhəyə yollanan onlarla dənizçinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda savaşda göstərdiyi  igidlik və şücaət dövlət başçımız tərəfindən də çox yüksək qiymətləndirilib. ASCO-nun Vətən müharibəsinin iştirakçısı olan onlarla işçisinin sinəsini bü gün müxtəlif döyüş təltifləri bəzəyir.

Dənizçilərin ASCO-nun Vətən müharibəsinin ilk günündən Zəfər zəngi çalınanadək maddi və mənəvi dəstəyi ilə rəşadətli Ordumuzun yanında olması ilə də iftixar hissi keçirməyə haqqı var.

Bu gün həm də işğaldan azad edilmiş əzəli torpaqlarımızda dalğalanan, bizə soykökümüzü xatırladan, dini inancımızı və müasirliyi təcəssüm etdirən, müstəqil Azərbaycanın qüdrətini nümayiş etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi bərpası Ulu öndərimizin adı ilə bağlıdır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.

Bütün sahələrdə Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin milli ideallara bağlılığı özünü üçrəngli bayrağımıza münasibətdə də qabarıq göstərir. Müvafiq fərman və sərəncamları ilə 9 Noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi də, Bakının ən münasib ərazisində Dövlət Bayrağı Meydanının, həmin meydanda Dövlət Bayrağı Muzeyinin yaradılması da milli atributlarımızı daim uca tutan ölkə başçımızın bayrağımıza sonsuz sevgisinin təcəssümüdür.

ASCO-nun müxtəlif təyinatlı gəmilərinin dor ağacında da müstəqilliyimizin, suverenliyimizin, istiqlaliyyətimizin rəmzi olan bayrağımız dalğalanır. Bu, harada üzməsindən asılı olmayaraq, gəmilərimizin müstəqil Azərbaycanımızın bir parçası olduğunun təsdiqidir. Etiraf edim ki, dənizçilərimiz müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında dalğalandırmağın iftixarını yaşadıqları kimi, məsuliyyətini də heç vaxt unutmurlar.

Bu gün bütün hüquq və azadlıqları təmin olunmuş hər bir Azərbaycan vətəndaşı əmindir ki, sabah daha qüdrətli Azərbaycanın sakini olmasının məmnunluğu yaşayacaq. Zəfərdən sonra dövlət başçımızın birbaşa rəhbərliyi ilə Qarabağı yenidən cənnətə döndərmək üçün görülən heyrətamiz işlər də bu əminliyimizi birə min artırır.

Əziz dənizçilər!

Sizi 8 Noyabr  - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.       

Bayramlarınız mübarək olsun!

                                                     

Rauf Vəliyev,                                           

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri