- XƏBƏRLƏR -
485 Arxiv
ADDA-da Elmi seminar
2022.11.03 16:54

Noyabrın 2-də “Gəmiqayırma və gəmi təmiri” kafedrasında ADDA-nın professor-müəllim heyətinin, gənc tədqiqatçıların, tələbə və magistrantların, Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının, ASCO-nun “Xəzərdənizlayihə” Elmi-Tədqiqat İnstitutunun və “Bakı gəmiqayırma zavodu” MMC-nin nümayəndələrinin də iştirakı ilə “Elmi tədqiqatların metodları” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarı “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev açaraq seminar iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını və keçirilən seminarın Şuşa ilinə həsr olunduğunu qeyd edib. Akademiyada gənclərin elmə olan marağının artırılmasında, belə tədbirlərin təşkilində yaradılan şəraitə və dəstəyə görə rəhbərliyə iştirakçılar adından minnətdarlıq ifadə edib.

Sonra Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru dosent Vüqar Sadıqov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın, xüsusən də Qarabağın tacı olan Şuşanın azad edilməsindən, həmçinin gənc alimlər və tədqiqatçılar üçün belə elmi tədbirlərin əhəmiyyətindən danışıb və seminar iştirakçılarına uğurlar arzulayıb.

 “Gəmiqayırma və gəmi təmiri” kafedrasının professoru, t.e.d. Nizami İsmayılov seminarın mövzusu üzrə çıxış edərək elmi tədqiqatların metodları haqqında geniş məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra müzakirələr aparılıb, müzakirələrdə professor Arif Məmmədov və professor Nizami Yusubovun çıxışları dinlənilib.

Yekunda dosent İsaq Xankişyev “Gəmiqayırma və gəmi təmiri” kafedrasında hər il müxtəlif elmi seminarların təşkil olunduğunu bildirib. Bu gün keçirilən elmi seminarın magistrantların, doktorant və dissertantların öz elmi fəaliyyətində onlara istiqamət vermək, elmi işlərin yerinə yetirilməsində dəstək olmaq məqsədi daşıdığını iştirakçıların diqqətinə çatdırıb və belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinin vacibliyini qeyd edib.