- XƏBƏRLƏR -
2583 Arxiv
ASCO rəhbərliyi Azərbaycan Dənizçilik Kollecində olub
2022.10.20 17:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Heydər Əsədov Azərbaycan Dənizçilik Kollecində (ADK) olub. Onlar təhsil müəssisəsinin fəaliyyəti və burada dənizçilik sahəsi üzrə mütəxəssis hazırlığının hazırkı səviyyəsi ilə maraqlanıblar.

ADK-nın direktoru Namiq Ağamalıyev Kollecdə yaradılan şərait, eləcə də maddi-texniki bazanın və təhsilin keyfiyyətinin hazırkı vəziyyəti haqqında məlumat verib.

Kollecə bu il daxil olan tələbələrlə görüşən Sədr dərslərin gedişatı, eləcə də gələcəyin dənizçilərinin bilik səviyyələri ilə maraqlanıb. Həmçinin, gənclərə gəmiçiliyin bu günü və gələcəyi, eyni zamanda bu sahəyə göstərilən diqqət və qayğı haqqında məlumat verib.

Sədr bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin qarşısına qoyduğu hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır: “Bununla bağlı ASCO olaraq bütün imkanlarımızı səfərbər etmişik və bundan sonra da edəcəyik. Sizdən yalnız yaxşı oxumaq, çox çalışmaq, biliklərinizi daim artırmaq tələb olunur. Bu istiqamətdə hər birinizə uğurlar arzulayıram”.

Görüşdə tələbələrin qayğıları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

ASCO sədri auditoriyalar, tələbə kitabxanası  və digər otaqlarla da yaxından tanış olub.

 

Rauf Vəliyev Azərbaycan Dənizçilik Kollecinin inkişafı, peşəkar kadrların hazırlanması üçün ASCO tərəfindən lazımi işlərin görüləcəyini bildirib.  Kollecin rəhbərliyinə maddi-texniki bazanın təkmilləşdirilməsi, eləcə də təhsilin keyfiyyətinin artırılması istiqamətində öz təkliflərini hazırlayıb təqdim etməyi tapşırıb.