- XƏBƏRLƏR -
2837 Arxiv
Daha bir elmi seminarda müzakirələr aparılıb
2022.05.26 16:01

Mayın 25-də ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” kafedrasında “Gəmi maşın və mexanizmlərinin sürtünmə qovşaqlarında istifadə olunan antifriksion və friksion kompozisiya materialları” mövzusunda elmi seminar təşkil olunub.   

Elmi seminarı “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev açaraq, təhsil prosesini beynəlxalq səviyyədə təşkil edən Akademiyada elmi potensialın yüksəldilməsi, gənc kadrların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və innovativ tədqiqat metodlarının tətbiqinin genişləndirilməsi istiqamətində müntəzəm iş aparıldığını bildirib və bu işlərin gücləndirilməsində ADDA-da yaradılan şəraitə və dəstəyə görə rəhbərliyə kafedra əməkdaşları adından minnətdarlıq ifadə edib.

Seminarın sədri, ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov iştirakçıları salamlayaraq, elmin inkişafının daim ölkə rəhbərliyinin diqqətində saxlandığını vurğulayıb. Gənclərin elmi fəaliyyətə marağının artırılması istiqamətində Akademiyada aparılan işlərdən bəhs edən Z. Şərifov elmi-tədqiqat işlərinin gəmiçiliyin aktual problemlərinin həllinə yönəldilməsi istiqamətində doktorant, dissertant və gənc tədqiqatçılara öz tövsiyələrini çatdırıb və seminar iştirakçılarına uğurlar arzulayıb.

Mövzü ətrafında “Gəmiqayırma və gəmi təmiri” kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı Həzi Nəbiyevin məruzəsi dinlənilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra geniş müzakirələr aparılıb, müzakirələrdə əməkdar elm xadimi, professor Aydın Qafarov, professor Arif Məmmədov, professor Nizami Yusubov və professor Nizami ismayılovun çıxışları dinlənilib, çoxsaylı suallar cavablandırılıb.

Yekunda ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov çıxış edərək bildirib ki, “Gəmiqayırma və gəmi təmiri” kafedrasında özünün elmi məktəbi olan və ölkədə kifayət qədər tanınan professorlar çalışır və gənclər bu elmi potensialdan səmərəli istifadə etməlidirlər.