- XƏBƏRLƏR -
3341 Arxiv
Gənclər ümidlərimizi doğrultmağı bacarırlar
2022.02.02 11:47

Əziz gənclər!

Hər il 2 Fevral - Gənclər Günü ölkəmizdə təntənə ilə qeyd edilir. Bu da səbəbsiz deyil. Çünki hər bir dövlətin taleyi cəmiyyətin aparıcı təbəqəsi olan gənclərdən, onların Vətən sevgisindən, yurduna bağlılığından asılıdır. Layiqli gənclər ölkənin işıqlı sabahına, daha xoşbəxt günlərinə təminat deməkdir. Təsadüfi deyil ki, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqaməti kimi müəyyənləşdirən Ulu öndər Heydər Əliyev ölkə gəncliyinə xitabən deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

1997-ci ildə təsis edilən Gənclər Günü də Ümummilli liderin cavanlara ərməğanı idi.

Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin gənclər siyasətinə verdiyi yeni nəfəs ölkəmizdə vətənpərvər gənclər ordusunun yaranması ilə nəticələndi. Bütün qapılar gəncliyin üzünə geniş açıldı. Gənclər də onların inkişafı üçün yaradılan imkanlardan layiqincə yararlanır və “Gənclər, mən sizə inanıram, güvənirəm”,- deyən dövlətimizin başçısının etimadını bütün sahələrdə layiqincə doğruldurlar.

Təsadüfi deyil ki, məhz İlham Əliyev cənablarının idarəçiliyi dövrünün yetirmələri olan bu gənclərin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin tarixinin Zəfər səhifəsinin yazılmasında xüsusi payı oldu. Dövlət başçımızın da vurğuladığı kimi, “əsas vəzifəni məhz gənc nəsil yerinə yetirdi.”

Dövlətimizin başçısı ətrafında sıx birləşən gənclər Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Odlar yurdunun ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını təsdiq etdilər. İgidlikləri ilə 30 il işğal altında olan torpaqlarımızın əsl sahiblərinin doğma yurd həsrətinə son qoydular.

Əks-hücum əməliyyatı başlayan kimi sıralarında dənizçilərin, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin tələbələrinin və məzunlarının da az olmadığı yüz minlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə ərazi şöbələrinə müraciəti əslində bir-birindən igid, cəsur, qəhrəman gənclərimizin Odlar Yurduna sevgi hesabatı idi.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi və gənclərin ən böyük himayəçisi və dəstəkçisi kimi tanınan Heydər Əliyev Fondu tərəfindən cavanların istedad və bacarıqlarının üzə çıxarılmasına hesablanan layihələr kimi, Fondun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər də ilk növbədə yetişməkdə olan nəslin fəallığının artırılmasına xidmət edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivinin də böyük bir hissəsini gənclər təşkil edir. ASCO-nun rəhbərliyi də dəniz nəqliyyatı sahəsində qarşıda duran əksər çətin vəzifələrin həllində məhz onların istedad və bacarığına arxalanır. Gənclər də ümidləri doğrultmağı bacarırlar.

Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

 

Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri