- XƏBƏRLƏR -
3273 Arxiv
Qəhrəmanlardan öyrənirik
2021.12.06 11:56

Dekabrın 3-də Azərbaycan İstiqlal Muzeyində “QƏHRƏMANLAR CAN VERİR, YURDU YAŞATMAQ ÜÇÜN” adlı layihə çərçivəsində “MÜBARİZLƏR” sərgisi təşkil edilib. 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan tədbirdə qəhrəman şəhidlərimizin ailə üzvləri, qazilər və Azərbaycan Dövlət Dəniz Akademiyasının 10 nəfər tələbəsi iştirak edib.

Açılış mərasimində şəhidlərin valideynləri övladlarının müharibədə igidliklərindən fəxrlə bəhs ediblər. Qazilər isə müharibənin gedişatından, döyüş yoldaşlarının şücaətindən ətraflı söhbət açıblar.

Sərgidə şəhid ailələri tərəfindən muzeyə verilmiş İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərə məxsus əşyalar nümayiş olunub. Həmçinin iştirakçılara şəhidlərin  şəxsi foto və videolarından hazırlanmış videomaterial göstərilib.

Akademiyamızın 10 tələbəsi şəhidlərin ailə üzvləri və qazilərlə görüşərək, sərginin eksponatları ilə tanış olublar. Qeyd etmək lazımdır ki, tələbələrin belə tədbirlərdə iştirakı onların şəhid ailələrinə və qazilərə diqqətini artırmaqla yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsinə də xidmət edir.