- XƏBƏRLƏR -
4911 Arxiv
ADDA-da Zəfər günü qeyd edilib
2021.11.05 17:27

Noyabrın 8-də respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Dövlət Dəniz Akademiyasında da Zəfər günü qeyd edilib. Mərasimi giriş sözü ilə açan tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifov ADDA-nın rektoru Heydər Əsədovun təbrikini çatdıraraq, Akademiyanın tələbə və müəllim heyətini bu möhtəşəm gün münasibətilə təbrik edib. Bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Qarabağ Zəfərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna rolundan danışan prorektor xalqın öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini, Azərbaycan xalqının hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu, Prezident İlham Əliyevin yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsini ortaya qoyduğunu, informasiya müharibəsində Azərbaycanın haqq səsinə çevrilərək cəsarətlə bütün təzyiqlərə sinə gərdiyini və öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildiyini  vurğulayıb.

Sonra 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub, Akademiyanın qəhrəman şəhid və qazilərinə və Zəfər gününə həsr olunan videomaterial nümayiş olunub.

Daha sonra çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev Vətən müharibəsinin tariximizdəki yeri, dövlət-xalq birliyi, qələbəmizin tarixi, siyasi-iqtisadi aspektləri barədə danışıb. Bildirib ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi, Ermənistanın hərbi kaputilyasiyasına nail oldu, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi.

 Vətən müharibəsi iştirakçısı, Akademiyanın məzunu və işçisi Ruslan Əlicanov çıxış edərək keçdiyi döyüş yolundan, düşmən üzərində möhtəşəm qələbədən söz açdı, şərəf və qürur dolu anlar yaşadığını, bundan sonrakı hər addımında Azərbaycanın Milli Qəhramanı, əmisi Əlicanov Rafiq Cəfər oğlunun adına layiq olacağını vurğuladı.

Şanlı zəfərimizin qüruru ilə paylaşan “Humanitar fənlər” kafedrasının müəllimi Sevinc Rzayeva öz çıxışında Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu­günkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyin Azərbaycanı Böyük Qələbəyə qovuşdurduğundan, bu Zəfərdə Vətən oğullarının şücaətindən, 8 noyabr tarixinin Şuşamız üçün mənəvi dəyərindən, Sevgili Vətən və bu duyğunun qazandırdığı şəhidlik zirvəsinin mahiyyətindən danışıb, dahi fədakar azərbaycanlı Heydər Əliyevin ruhunun qarşısında mənəvi borcumuzun ödəndiyini vurğulayıb. 

“Gəmiqayırma və gəmi təmiri” ixtisasının 188A2 qrup tələbəsi Şükürova Ayşən çıxış edərək postmüharibə dövründə Qarabağın yenidən qurulması istiqamətində icra olunan layihələrdən söz açıb, Azərbaycan gəncinin bu sahədəki rolunu vurğulayıb.

         Sonda Xarı bülbül festivalından fraqmentləri əks etdirən tarixi video görüntülər işıqlandırılıb.