- XƏBƏRLƏR -
4099 Arxiv
ASCO sədri ADDA-ya yüksək balla qəbul olan tələbələrlə görüşüb
2021.10.11 09:19

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına yüksək balla (500-dən yuxarı) qəbul olan tələbələrlə görüşüb.

Əvvəlcə tələbələrə ASCO-nun fəaliyyətini əks etdirən video təqdim olunub.

Sonra sədr çıxış edərək bildirib ki, 2020-ci il Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun sayəsində 30 ildir işğalda olan torpaqlarımızın azad olunması ilə tarixə düşdü. Qürurvericidir ki,  44 günlük Vətən müharibəsi dövründə Akademiyanın tələbə və gənc məzunları da ön və arxa cəbhədə fəal iştirak etdilər.

Biz indi Qalib Azərbaycanda yaşayırıq və siz həm ona görə xoşbəxt gənclərsiniz ki, Zəfər tariximizin ilk tələbəsi adını qazanmısınız.   

Gənc nəslin milli ruhda yetişdirilməsinin vacibliyindən danışan sədr Akademiyada tədrisin bütün pillələrində peşəkar kadrların hazırlanması ilə paralel vətənpərvərliyin, dövlətçilik prinsiplərinin təbliği və aşılanması işinə də xüsusi önəm verildiyini qeyd edib. 

Rauf Vəliyev bildirib ki, ADDA Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsas kadr sütunudur. Ona görə də burada təhsilin keyfiyyətinin yüksəldilməsi ASCO-nun qarşısında duran prioritet məsələlərdəndir.  Bu istiqamətdə mütəmadi olaraq mühüm addımlar atılır. Belə ki, dünyanın tanınmış dənizçilik təhsili müəssisələri ilə əlaqələr qurulur, Akademiyanın maddi-texniki bazası davamlı olaraq təkmilləşdirilir,  tələbələrin daha yaxşı təcrübi biliklərə yiyələnməsi üçün yerli və xarici şirkətlərlə əməkdaşlıq edilir.

ASCO sədri tələbələri əmin edib ki, Akademiyada biliyin qiymətləndirilməsi obyektiv və şəffaf prinsiplər əsasında aparılır. Təhsil alanların üzərinə düşən əsas vəzifə isə mövcud tədris mühitindən səmərəli şəkildə faydalanmaq, yaxşı nəticələr göstərmək üçün bütün səy və bacarıqlarını səfərbər etməkdir.

Rauf Vəliyev ASCO-nun gənclər siyasəti, dənizçilərin sosial müdafiəsi istiqamətində görülən işlər, Akademiya məzunlarının karyera inkişafı, onların əlavə təhsil almasına göstərilən dəstək barədə də ətraflı söz açıb.

Səmimi formada davam edən görüşdə sədr tələbələrin qayğıları ilə maraqlanıb, onlara tövsiyələrini verib. Rauf Vəliyev bu formatda görüşlərin gələcəkdə də təşkil ediləcəyini bildirib.

Yaradılan fürsətə və göstərilən diqqətə görə tələbələr ASCO rəhbərliyinə təşəkkürünü bildiriblər.

Tələbələrə ASCO-nun “Suraxanı” gəmi-muzeyi və inzibati binada fəaliyyət göstərən “Üç əsrin şahidi” muzeyi ilə tanışlıq imkanı da yaradılıb. Onlar hər iki muzeydə yerləşən eksponatlarla yaxından tanış olub və yüksək təəssüratlarla buradan ayrılıblar.