- XƏBƏRLƏR -
3620 Arxiv
Dualarınız Uca Yaradanın dərgahında qəbul olunsun
2021.07.17 11:44

Əziz həmkarlar!

Qarşıdan dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı gəlir. Sizi bu müqəddəs bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət, doğma Azərbaycanımızın tərəqqisi, dəniz nəqliyyatının inkişafı naminə çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Otuz ilə yaxın idi ki, Uca Yaradanın dərgahında qəbul olunmasını istədiyimiz ən böyük dualarımızdan biri torpaqlarımızın bütövlüyü ilə bağlı idi. Şükürlər olsun ki, bu il Qurban bayramını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərkərdəlik məharəti və yenilməz ordumuzun rəşadəti sayəsində Zəfər sevincini yaşayan xalq kimi qarşılayırıq. 

Öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islami dəyərlər və ənənələr ölkəmizdə həmişə uca tutulmuşdur. Qurban bayramının isə bu mənəvi-əxlaqi dəyərlər sistemində xüsusi yeri vardır. MüsəlmanlarınTanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirən bu nurlu bayramı xalqımız hətta ən mürəkkəb dövrlərdə belə çox qiymətli yadigar kimi qoruyub saxlaya bilmişdir.

1994-cü il mayın 21-də - Qurban bayramında Bibiheybət ziyarətgahına gələrək dövlətimizin dinlə bağlı əsas strategiyasını bəyan edən Ulu öndər Heydər Əliyev xalqın etiqad azadlığını təmin etmək üçün çox işlər gördü. Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də etiqad azadlığımızın qarantı olduğu bu illərdə xalqımızın milli-mənəvi dəyərləri və ənənələrinə həmişə böyük ehtiramla yanaşıb. Dövlət başçımızın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa olunduğunu müşahidə etmək də olduqca xoşdur.

Qurban bayramında Uca Yaradana yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayanlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını bir daha nümayiş etdirirlər. Bayram günlərində qurbanların kəsilməsi, imkansızlara və ehtiyacı olanlara yardımların edilməsi, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunması da bu  bayramın əhəmiyyəti barədə çox şey deyir. 

Qoy bu mübarək bayram günlərində xalqımızın rifahı və əmin-amanlığı, gənc dövlətimizin daha da qüdrətlənməsi naminə etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun və Yaradan  mərhəmətini heç zaman xalqımızın və müstəqil Azərbaycanımızın üstündən əskik etməsin.

Qurban bayramınız mübarək olsun!

 

Rauf VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri