- XƏBƏRLƏR -
3747 Arxiv
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri açıqlanıb.
2021.07.14 14:01

İmtahan sessiyasında ümumilikdə 739 tələbə iştirak edib.  Onlardan 687-si sessiyadan müvəffəqiyyətlə çıxa bilib.

“Gəmi sürücülüyü” fakültəsində əyani təhsil alan 1-ci kurs tələbələrinin hamısı, yəni 96-sı imtahanlardan uğurla keçiblər.

Nəticələrə əsasən, bakalavriat səviyyəsinin əyani formasında oxuyan tələbələrin müvəffəqiyyət göstəricisi 93,73, keyfiyyət göstəricisi 63,38 faiz olub.  Təkrar ali təhsil pilləsində isə bu göstərici müvafiq olaraq 88,12 və 5,62 faizdir.

Magistratura səviyyəsində təhsil alan 33 magistrantdan 3-ü imtahanlardan kəsilib. 1 nəfər sessiyanı “əlaçı” kimi bitirib. 

Yaxın günlərdə nəticələrə əsasən təqaüd əmri veriləcək.

Onu da qeyd edək ki, ADDA Elmi Şurası Vətən müharibəsində iştirak etmiş tələbələrin akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılmasına və həmin tələbələrin akademik borclara görə kredit ödəməkdən azad olunmalarına dair qərar qəbul edib.

Bu imtahan sessiyasında sözügedən güzəştdən 1 tələbə istifadə edə bilib. Həmin kateqoriyadan olan tələbələr ərizə ilə müraciət etdikcə Elmi Şuranın qərarına uyğun olaraq akademik borclarını ləğv edə biləcəklər.