- XƏBƏRLƏR -
5411 Arxiv
ADDA-nın 2021-ci il üçün plan yerləri açıqlanıb
2021.06.16 15:05

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası üçün tələbə qəbulu planı yerlərinin siyahısı təsdiq edilib.

2021/2022-ci tədris il üçün ADDA-nın 4 ixtisası üzrə bakalavriat pilləsinə ümumilikdə 200 yer ayrılıb.

Bu yerlərdən 85-i “Dəniz naviqasiyası mühəndisliyi”, 80-i “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, 15-i  “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, 20-si isə “Elektrik və elektronika mühəndisliyi” ixtisası üçün nəzərdə tutulub.

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 55 yerində Azərbaycan, 15 yerində rus, 15 yerində isə ingilis bölməsinin tələbələri təhsil alacaqlar.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üçün 80 yer ayrılıb. Burada 50 tələbənin Azərbaycan, 15 tələbənin rus, 15 tələbənin ingilis dilində təhsil alması planlaşdırılır. Digər 2 ixtisasda tədris yalnız Azərbaycan dilində aparılacaq.

Bu il Akademiyaya daxil olmaq üçün abituriyentlərdən imtahanlardan əvvəl xüsusi tibbi komissiyadan keçmək tələb olunmur. İmtahanları uğurla verib tələbə adını qazananlar yaşadıqları ərazi üzrə poliklinikadan sağlamlıq haqqında arayış gətirəcəklər. Bu barədə əlavə elan veriləcək.

ADDA-nın magistratura səviyyəsinə tələbə qəbulu isə 4 ixtisas və 5 ixtisaslaşma üzrə aparılacaq. “Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisasının “Gəmi təmiri” ixtisaslaşması üçün 4 (2 yer Azərbaycan, 2 yer rus bölməsi) və “Gəmiqayırma” ixtisaslaşması üçün 2 yer (yalnız Azərbaycan bölməsi) olmaqla ümumilikdə 6 yer, “Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi” ixtisasının “Gəmi energetik qurğuları və onların istismarı” ixtisaslaşması üzrə 7 yer (5 yer Azərbaycan, 2 yer rus bölməsi), “Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi” ixtisasının “Gəmilərin hərəkətinin idarəedilməsi” ixtisaslaşması üzrə 9 yer (7 yer Azərbaycan, 2 yer rus bölməsi), “Elektrik mühəndisliyi” ixtisasının “Gəmilərin elektroenerji sistemləri” ixtisası üzrə 3 yer (2 yer Azərbaycan, 1 yer rus bölməsi) ayrılıb. Ümumilikdə burada söhbət 25 yerdən gedir. Bunlardan 18-i Azərbaycan, 7-si rus bölməsinin payına düşür.