- XƏBƏRLƏR -
357 Arxiv
Qarabağda innovativ texnologiyalar diqqət mərkəzindədir
2021.04.22 14:19

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qarabağ regionunda ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb.


Aprelin 20-də Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” və “İngilis dili”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğularının tikintisi” və “Xarici dillər”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enerji istehsalı texnologiyası” və Azərbaycan Texniki Universitetinin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedralarının birlikdə onlayn formatda “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda elmi seminarı keçirilib. Seminarda 100 nəfərə yaxın iştirakçı fikir mübadiləsi aparıb.


ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru V.Sadıqov, AzMİU-nun tədris işləri üzrə prorektoru A.Qasımov və ADSU-nun tərbiyə işləri üzrə prorektoru A.Babayev seminar iştirakçılarını salamlayaraq bu elmi toplantının çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıblar.


Seminarda ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri, professor V.H.Həsənov “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə”, AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, dosent N.Y.Məmmədov “İşğaldan azad olunmuş ərazilərdə tavandan isitmə və soyutma sistemlərinin tətbiqi məsələlərinin araşdırılması”, ADNSU-nun “Enerji istehsalı texnologiyaları” kafedrasının müdir əvəzi, dosent Ş.N.Nəsirov “Bərpa olunan istilik və elektrik enerjisi istehsalı”, AMEA-nın əməkdaşı S.A.Məmmədov “Azərbaycanda yeni texnologiyalardan istifadə” mövzularında məruzələr ediblər, Qarabağ ərazisində bərpa olunan enerji mənbələrindən istifadə imkanları, müasir texnologiyaların tətbiqi və s. məsələlər barədə konkret təkliflər irıli sürüblər.


UNDP-nin ekologiya məsələləri üzrə eksperti İ.Əliyev, ADNSU-nun “Enerji istehsalı texnologiyaları” kafedrasının professoru M.Ağamalıyev maraqlı təkliflərlə çıxış ediblər.
ADDA-nın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı R.X.Əsgərov və AzMİU-nun “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin dekanı Z.S.Musayev müzakirə olunan məsələnin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, seminarın isə çox yüksək səviyyədə keçirildiyini, maraqlı məruzələrin təqdim olunduğunu bildiriblər.


Seminara yekun vuran professor V.H.Həsənov belə elmi tədbirlərin vacibliyindən danışaraq indiki dövrdə müxtəlif ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin birgə müzakirəsinin vacibliyini bir daha diqqətə çatdırıb. Gələcəkdə kafedralarda fəlsəfə doktoru və elmlər doktoru səviyyələrində aparılan elmi-tədqiqat işlərinin də birgə müzakirəsi barədə razılıq əldə edilib.