- XƏBƏRLƏR -
3979 Arxiv
“General Əliağa Şıxlinski” kran gəmisində tələbələrin təcrübəsi davam edir
2021.04.08 10:24

 Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının dördüncü tədris ilinin bir qrup tələbəsi nəzəri biliklərini təcrübə ilə daha da möhkəmləndirməyə çalışırlar. Tələbələr hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “General Əliağa Şıxlinski” kran gəmisində təcrübədədirlər.

Tələbələrin təcrübə müddətinin səmərəli keçməsi və praktiki bilik səviyyələrinin artırılmasında gəmi heyəti həmişəki kimi yaxından iştirak edir. Onlar tələbələri daim diqqətdə saxlayır, uzun illər ərzində təcrübədə yiyələndikləri bilik və bacarıqlarını öyrətməyə çalışırlar.

Təcrübəçilər gəmidə yerinə yetirilən həyəcan təlimlərində iştirak edir, göyərtədəki qəza və xilasetmə avadanlıqlarının yerini, iş prinsipini və istifadə qaydalarını öyrənirlər.

Təcrübə zamanı tələbələrə bir sıra təlimlər də keçirilir. Bu təlimlər zamanı karbon dioksid (CO2) yanğınsöndürmə sisteminin istifadəsi, sürətli qayıq (FRS), xilasedici sallar (plotlar), nəfəsalma aparatı (ASV2) haqqında məlumat verilib və onlardan düzgün istifadə qaydaları izah edilib. 


Qeyd edək ki, bu dördüncü kurs tələbələrinin sonuncu təcrübəsi olduğu üçün qazanılan qiymət onların Yekun Dövlət Attestasiya imtahanında nəzərə alınır.