- XƏBƏRLƏR -
7234 Arxiv
2021-ci ilin ilk imtahan sessiyası
2021.01.07 11:07

Yanvarın 7-də Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

ADDA Elmi Şurasının qərarına görə, bu imtahan sessiyası 2020-ci ilin yazında olduğu kimi onlayn-test üsulu ilə aparılacaq. Yalnız 1-ci tədris ilinin ingilis bölməsinin tələbələri “İngilis dili” fənnindən imtahanlarını onlayn-şifahi formada verəcəklər. Onların dinləyib-başa düşmək, oxu və yazı qabiliyyətlərinin mümkün qədər əyani formada yoxlanılması zəruri olduğundan bu imtahan növü seçilib.

Akademiya üzrə təhsil alan 1006 tələbə heyətinin 95 faizi imtahanqabağı qiymətləndirmənin nəticələrinə əsasən bu imtahan sessiyasında iştirak etmək hüququ qazanıblar. Ümumilikdə 386 imtahanın keçirilməsi nəzərdə tutulan imtahan sessiyasının 1-ci mərhələsi 29 yanvara qədər ADDA-nın 7 kafedrası üzrə aparılacaq.

Payız imtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan  və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçünsə sessiyanın 2-ci mərhələsi cari ilin fevral ayının 1-dən 5-nə qədər aparılacaq. Bu imkandan istifadə hüquqları mövcud təlimatlara uyğun həyata keçiriləcək.

Qeyd edək ki, imtahanın keçirilməsi ilə bağlı qaydalar yaz sessiyasında olduğu kimidir. Yəni imtahanlardan əvvəl bütün fənlər üzrə test sualları cavab variantları olmadan Akademiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu dəfə də imtahan vaxtı tələbəyə 25 sualdan ibarət bir test variantı veriləcək. Hər düz cavab 2 balla qiymətləndiriləcək. “4 səhv 1 düz cavabı aparır” metodu bu dəfə də tətbiq edilməyəcək.

Artıq dekanlıqlar üzrə bütün akademik qruplarda imtahanların keçirilmə qaydalarına dair onlayn iclaslar keçirilib. Həmçinin kafedralar tərəfindən imtahanqabağı məsləhət saatlarının cədvəlləri də tərtib edilib.

Elmi Şuranın qərarına əsasən, imtahanqabağı balların hesablanması zamanı cəbhəyanı bölgələrdə yaşadığından internet problemləri olan tələbələrin qayıb limitinin 50 faiz nəzərə alınması dekanlıqlara tapşırılıb.

İmtahan nəticələrindən narazı qalan tələbələrin müraciətlərinə 3 iş günü ərzində baxılması üçün ADDA rektorunun əmrinə əsasən Apellyasiya Komissiyası yaradılıb.

ADDA-nın rəhbərliyi və bütün professor-müəllim heyəti tələbələrə bu imtahan sınağından uğurla çıxmağı arzulayır!