Azərbaycan Dövlət Dəniz Akademiyasında ASCO-nun strukturuna daxil olan Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının əməkdaşları üçün təkmilləşdirilmə və ixtisasartırma kursları keçirilir.
Həmçinin ayrı-ayrı şəxslərin müraciətləri nəzərə alınaraq onlar da bu kurslara cəlb edilib.
ADDA rektoru Heydər Əsədovun kursların təşkil edilməsi haqqında imzaladığı əmrdə qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssisləri və Akademiyanın “Dəniz naviqasiyası”, “Gəmi elektroavtomatikası” və “Gəmi energetik qurğuları” kafedralarının müəllimləri bu prosesə cəlb olunub.
Qeyd edək ki, kurslar “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” (DHDNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təşkil edilib.
“Gəmi sürücülərinin təkmilləşdirilməsi” və “Gəmi sürücülərinin ixtisasartırması” kurslarının məqsədlərindən biri bu sahədə tətbiq olunan yeni naviqasiya metodları və avadanlıqları barədə nəzəri məlumat verməklə yanaşı, həmin yenilikləri konkret misallar üzərində kurs dinləyicilərinin diqqətinə çatdırmaqdan ibarətdir.
ASCO-nun sifarişi ilə inşa olunaraq istismara verilən yeni gəmi və tankerlərin müasir maşın və mexanizm konstruksiyalarının iş prinsiplərinin öyrənilməsi, bu gəmilərin istismarı üzrə bilik və bacarıqların izah olunması gəmi mexanikləri üçün təşkil olunmuş kursların əsas predmetini təşkil edir. Bu kurslarda həmçinin dinləyicilər perspektiv maşın və mexanizmlərlə də nəzəri tanış olmaq imkanını əldə edir.
“Gəmi elektrik mexaniklərinin təkmilləşdirilməsı” kurslarını dinləyənlər üçün Beynəlxalq Konvensiyaya 2010-cu ildə edilmiş Manila dəyişiklikləri nəzərə alınmaqla gəmi elektrik mexaniklərinin (mühəndislərinin) bilik və səriştələrinin təkmilləşdirilməsi və eyni adlı Məcəllənin A-III/6 qaydalarının tələbləri izah edilərək onun tətbiqi barədə məlumat verilir.
Kurslar sanitar-epidemioloji tələblər gözlənilməklə Akademiyanın tədris binalarında, Təlim Tədris mərkəzində və Dənizçilik Kollecinin binasında təşkil edilib.