- XƏBƏRLƏR -
5519 Arxiv
ADDA-da müəllimlər üçün təlimlər başlayıb
2020.09.11 09:47

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2, 3 və 4-cü tədris ilində təhsil alan tələbələri 2020/2021-ci tədris ilinin payız semestrinə 15 sentyabr tarixindən distant formada başlayacaqlar. Ötən semestrdə olduğu kimi bu dəfə də məsafədən tədris Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən “Microsoft Teams” platforması üzərindən aparılacaq.

Akademiyanın rektoru Heydər Əsədovun imzaladığı əmrə əsasən ADDA-nın professor-müəllim heyəti üçün təlimlər keçirilir. Təlimin məqsədi ötən semestrdə “Microsoft Teams” platformasından istifadə zamanı müəllimlərin qarşılaşdığı problemləri müzakirə edərək onların aradan qaldırılması və yeni semestrdə təlim-tədris prosesinin məsafədən təşkili üçün bu platformanın imkanlarından daha səmərəli istifadə etməkdir.

Təlimçi tərəfindən müəllimlərə üçün konkret misallar üzərindən proqramın imkanları izah edilib. Bir daha “Microsoft Teams” platformasında qeydiyyatdan keçmək, qruplar yaratmaq, yaradılmış qruplara tələbələrin daxil edilməsi kimi məsələlər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edilib ki, bu proqramın vasitəsi ilə müəllimlər təqdimatların hazırlanaraq ekranda paylaşılmasını, test tapşırıqlarının hazırlanıb tələbələrə göndəriləməsini, dərslərin təşkili və idarə olunması proseslərini həyata keçirməklə yanaşı həmçinin elektron jurnallar da hazırlaya bilərlər. Tədris fayllarından sinxron və asinxron istifadə də bu proqramın əsas üstünlüklərindən hesab edilir.

65 və daha yuxarı yaşda olan müəllimlər və müəyyən səbəblərə görə təlimdə iştirak edə bilməyən əməkdaşlar üçün təlimlər şənbə-bazar günləri daxil olmaqla distant formada keçirilib.

Təlimlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahan keçiriləcək.