- XƏBƏRLƏR -
16278 Arxiv
ADDA rektoru Heydər Əsədovun məzunlara müraciəti
2020.07.16 14:05

Dəyərli övladlarımız! Əziz məzunlar! Hörmətli dostlar!

           Bu gün siz həyatınızın bəlkə də ən məsuliyyətli və gözəl mərhələlərindən birini başa vurursunuz. 4 illik tədrisdən sonra Akademiyanı bitirib ali təhsil əldə edirsiniz. İnanıram ki, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə bağlı şirin xatirələriniz az olmayacaq. Nə tələbəlik illərini, nə burada qazandığınız dostları unutmayacaqsınız. Yüksəkixtisaslı mütəxəssis kimi yetişməyiniz üçün heç nəyi əsirgəməyən professor-müəllim heyətinin üzərinizdə olan zəhmətini dəyərləndirməyi isə özünüzə mənəvi borc biləcəksiniz. Bəzilərinizə tələbə yoldaşlarınızla birlikdə işləmək qismət ola bilər. Bu iş birliyi sizin üçün daha asan olacaq. Çünki artıq siz bir ailənin övladları hesab edilirsiniz. Karyeranızın bütün pillələrində bir-birinizə dəstək ola biləcəksiniz.

   Siz artıq müstəqil həyata qədəm qoyursunuz. Qarşıda sizi uzun, bəzən çətin, amma əminəm ki, maraqlı bir yol gözləyir.  Arzu edirəm ki, gələcəkdə hər bir qərarınızda, həyata keçirəcəyiniz böyük layihələrdə ADDA məzunu olmağınız sizin üçün bir dayaq nöqtəsi olsun. 

     Azərbaycan Dövlət Dəniz Akademiyası nəinki respublikamızda, hətta bütün Qafqaz regionunda dənizçilik ixtisaslarını tədris edən yeganə ali təhsil müəssisəsidir. Biz bununla seçilirik. Təbii ki, burada oxuyan tələbələr də seçilənlərdir. Çünki bizim tələbələrimiz seçdikləri peşənin məsuliyyətini elə ilk günlərdən dərk edirlər.  Tədris zamanı təcrübədə olarkən prosesləri yaxından izləyir və o proseslərin birbaşa iştirakçılarına çevrilirlər.

     Əminəm ki, ölkəmizdə bütün digər sahələr kimi, dənizçilik sahəsi də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında daima inkişaf edəcək və bu işlərdə sizin əməyiniz də öz rolunu oynayacaq. Təbii ki, bunun təməlində sizin məhz Azərbaycan Dövlət Dəniz Akademiyasında aldığınız təhsil duracaq.

    Bir daha sizi “ADDA məzunu” adını qazanmağınız münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar və işıqlı günlər arzulayıram.

           Hörmətlə, 

          Rektor Heydər Əsədov