- XƏBƏRLƏR -
12110 Arxiv
ADDA-da ilk dəfə onlayn-test üsulu ilə imtahan sessiyası keçirilir
2020.06.10 12:11

İyunun 10-da Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bu imtahan sessiyası əvvəlki illərdən fərqli olaraq onlayn-test üsulu ilə keçirilir. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq ADDA Elmi Şurasının qərarına əsasən imtahan sessiyası onlayn  formatda keçirilir.

İki mərhələdən ibarət olan yay imtahan sessiyasının birinci hissəsi iyun ayının 10-dan iyulun 17-ə qədər aparılacaq. Bu tarix aralığında ADDA-nın bütün ixtisasları üzrə tədrisin  1, 2 və 3-cü ilində təhsil alan tələbələr, ADDA-da təkrar ali təhsil səviyyəsi üzrə qiyabı təhsil alanlar, magistratura səviyyəsi üzrə təhsil alanlar və akademik borcu olan tələbələr onlayn-test üsulunda imtahana qoşula bilərlər.

Bir müddət əvvəl fənn müəllimlərinin  hazırladığı test sualları (cavab variantları olmadan) tələbələrə göndərilib.  Əvvəlki imtahan sessiyalarından fərqli olaraq imtahanda tələbələrə veriləcək variantlardakı sualların sayı 25-ə endirilib,  tətbiq edilən “4 səhv  1 düz cavabı aparır” qaydası isə  bu dəfə istifadə olunmayacaq.

Elmi Şuranın qərarına əsasən onlayn təhsildə aktiv və ya passiv iştirak etməsindən asılı olmayaraq bütün tələbələr imtahana buraxılır. Həmçinin imtahana buraxılan tələbələr 34 İmtahan Qabağı Balla (İQB)  qiymətləndirilir. Burada fənn müəllimi tərəfindən tələbənin onlayn dərslərdə aktiv iştirakından asılı olaraq İQB-nin 50 bala qədər çatdırılması nəzərdə tutulur.

Hər hansı bir səbəbdən 1-ci mərhələdə onlayn-test imtahanlara qoşula bilməyən tələbələr iyulun   5-ə qədər Akademiyaya rəsmi ərizə ilə müraciət edə bilərlər. Bu zaman avqust ayında həmin tələbələr üçün 3-4 həftə müddətində pulsuz icmal mühazirələr təşkil ediləcək və 17 avqustdan 11 sentyabra qədər növbədənkənar imtahan sessiyası keçiriləcək.