Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib. Akademiyanın rektoru Heydər Əsədovun sədrlik etdiyi iclasın əsas müzakirə mövzusu cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi olub.
ADDA rektoru H.Əsədov bildirib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvaqif sərəncamına görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi ADDA tələbələri üçün də distant təhsilin aparılması haqqında qərar qəbul olunub.
Ölkəmizdə karantin rejiminin tətbiq olunduğu müddətdə Akademiyanın bütün kafedralarında tədris aparan müəllimlər tərəfindən fənlər üzrə “WhatsApp” qrupları yaradılıb. Hər bir qrupa mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, video çarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərilib.
Bundan əlavə, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbələr üçün “Zoom İcloud Meetings” videokonfrans, “Viber” və “Skype” proqramları vasitəsilə də görüntülü mühazirələr təşkil edilib. Bu mühazirələr xüsusi proqram vasitəsilə video formatında da yazıldıqdan sonra həmin mühazirələr dərslərə real vaxt rejimində qoşulmaq imkanı olmayan tələbələrin elektron ünvanlarına göndərilib.
Bir sözlə demək olar ki, 2019/2020-ci ilin yaz semestrində tədris olunan bütün fənlər üzrə distant təhsilin aparıldığını diqqətə çatdıran rektor H. Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının öz tələbələri qarşısında təhsilin məzmununa və təşkilinə dair qanunvericilikdə nəzərdə tutulan tələbləri mümkün qədər yerinə yetirdiyini vurğulayıb.
H. Əsədov həmçinin onu da qeyd edib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunması səbəbindən bir çox fəaliyyət sahələrinin görə bilcəyi ziyanın qarşısının alınması məqsədi ilə ölkə başçısı Cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Nazirlər Kabineti müvafiq qərarlar verib.
Rektor H. Əsədov Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin 19 may qərarını bir daha Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkilinin bu qərarın müddəalarına həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubundakı tövsiyələrinə uyğun aparılması vacib şərtdir.
Sonra Şura üzvləri çıxış etdilər. Yaz semestrinin imtahan sessiyasının aparılmasına dair müxtəlif fikrilər səsləndi. Bütün təkliflər dinlənildikdən sonra açıq səsvermə yolu ilə seçilən təklif Elmi Şuranın Qərar layihəsinə daxil edildi.
Beləliklə tədrislərinin buraxılış ilində təhsil alan bakalavr və magistrantlar üçün ADDA-nın Elmi Şurası qərara aldı:
2019/2020-ci ilin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı ADDA-nın Elmi şurası qərara aldı:
1. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2 mərhələdə keçirilsin;
-I mərhələ: 10.06.2020-16.07.2020 tarixlərində;
- II mərhələ: yaz imtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan tələbələr üçün 17.08.2020-11.09.2020-ci il tarixlərində ödənişsiz əsaslarla təşkil edilsin;
Tələbələrin müraciətləri olduğu təqdirdə avqust ayında 3-4 həftə müddətində icmal mühazirələrin ödənişsiz əsaslarla təşkili təmin edilsin;
İcmal mühazirələrdə iştirak etmək istəyən tələbələr 2020-ci ilin iyul ayının 5-ə qədər Akdemiyaya ərizə ilə müraciət etməlidirlər.
Yay təcrübəsi ilə bağlı əlavə məlumat veriləcək.