- XƏBƏRLƏR -
11497 Arxiv
ADDA rektorunun tələbələrə müraciəti
2020.04.07 11:20

Əziz tələbələr!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilib. Təbii ki, atılan bütün addımlar, verilən qərarlar virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır. Ölkə başçısı Cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva da yaranmış vəziyyəti daim nəzarətlərində saxlayır və həmişəki kimi bu çətin günlədə də xalqımızın yanındadırlar. 

Həmçinin karantin müddətində bütün təhsil müəssisələrində tədris prosesi də dayandırılıb. Bu dövrdə sizin təhsilinizə ola bilən mənfi təsirlərin qarşısını almaq məqsədi ilə Akademiyamızda 2019/2020-ci ilin yaz semestrində tədris olunan bütün fənlər üzrə distant tədris aparılır.

Bununla əlaqədar ADDA-nın kafedralarında dərs deyən müəllimlər tərəfindən fənlər üzrə WhatsApp qrupları yaradılıb. Hər bir qrupa mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, video çarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərilib.

Müəllimlərimiz informasiya kommunikasiya texnologiyalarının bütün mümkün vasitələrindən istifadə edərək tələbələrimizlə müntəzəm olaraq əlaqə saxlayırlar. Xüsusi proqramları tətbiq etməklə video zənglər vasitəsi ilə görüntülü dərslər aparırlar. Bu dərslər yazılır və sonradan tələbələrin e-mail ünvanına da göndərilir.

Bakalavrlarla yanaşı,  magistrlar və qiyabi formada təhsil alan tələbələrimizlə də müntəzəm əlaqədəyik. Onların da təhsildə problemlərinin yaranmaması üçün bütün mümkün vasitələrdən istifadə olunur.

Bildiyiniz kimi, 4-cü kursda təhsil alan tələbələrimiz hazırda təcrübədədirlər. Onların bir çoxu ASCO-nun və digər gəmiçilik şirkətlərinin üzən gəmilərində təcrübə keçirlər. Lakin sahildə dayanan gəmilərdə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və Bakı Gəmiqayırma Zavodunda təcrübə keçən tələbələrimizin virusa yoluxma ehtimalınının qarşısını almaq məqsədi ilə onlar təcrübə prosesindən müvəqqəti olaraq kənarlaşdırılıblar.

Təhsillərinin sonuncu krusunda oxuyan tələbələr ADDA məzunu adını qazanmaq üçün bu il keçiriləcək yekun dövlət attestasiya imtahanında iştirak edəcəklər. Yaranmış bu fasilə onların son imtahanlarına daha yaxşı hazırlaşmağı üçün çox əlverişlidir. Bütün ixtisaslar üzrə həm Azərbaycan, həm də Rus bölməsinin imtahan sualları Akademiyamızın rəsmi internet səhifəsində yerləşdirilib. Gəmidə təcrübədə olan tələbələr də asudə vaxtlarında saytımızdan sualları yükləyib hazırlaşa bilərlər.

Bir sözlə, tədrisdə yaranan bu müvəqqəti fasilənin sizin təhsilinizdə neqativ hal yaratmaması üçün Akademiya rəhbərliyi başda olmaqla, bütün professor-müəllim heyəti əlindən gələni edir. Əmin ola bilərsiniz ki, bu işlər daim nəzarətimdədir. Mütəmadi olaraq prosesə təhkim olunan struktur rəhbərləri ilə əlaqə saxlanılır. Distant təhsilin aparılmasının gündəlik vəziyyəti müzakirə olunur.

Əziz tələbələr!

Bütün bunların əvəzində sizdən ancaq bir xahişim var: evdə qalın! Özünüzü və yaxınlarınızı yoluxmadan qoruyun. Sosial şəbəkələrdə də bütün dostlarınıza və tanışlarınıza bu çağırışı edin.

Bu gün hər bir yerdə “Evdə qal!”şüarı səslənir. Bu şüara riayət edərək biz təkcə özümüzün yox, bütün dövlətimizin gələcəyi üçün böyük bir töhfə vermiş oluruq. Hər bir vətəndaşın sağlam olması, Azərbaycan dövlətinin sağlam olması deməkdir. Hamımız buna riayət etsək, nəticəsini görəcəyik. Amma bunun üçün təbii ki, bizə birlik lazımdır. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin dediyi kimi: “Biz birlikdə güclüyük!”

 Tezliklə doğma Akademiyamızda görüşmək ümüdi ilə,

Rektor Heydər Əsədov!