- XƏBƏRLƏR -
7138 Arxiv
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır
2020.04.03 12:38

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq, tədrisdə fasilənin aradan qaldırılması və tədrisin keyfiyyətinin qorunub saxlanılması məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci ilin yaz semestrində tədris olunan bütün fənlər üzrə distant təhsil həyata keçirilir. 

ADDA rektoru Heydər Əsədovun müvafiq əmrinə əsasən,  tədris aparan müəllimlər tərəfindən fənlər üzrə “WhatsApp” qrupları yaradılıb. Hər bir qrupa mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, video çarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərilib.

Bundan əlavə, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbələr üçün “Zoom İcloud Meetings” videokonfrans, “Viber” və “Skype” proqramları vasitəsilə də görüntülü mühazirələr təşkil edilir. Bu mühazirələr xüsusi proqram vasitəsilə video formatında da yazılır. Burada məqsəd sonradan həmin mühazirələri real vaxt rejimində qoşulmaq imkanı olmayan tələbələrin elektron ünvanlarına göndərməkdir. 

ADDA-nın magistrantları da distant təhsildən istifadə edirlər. Belə ki, onlar da qeyd olunan İKT vasitələrindən istifadə edərək öz elmi rəhbərləri ilə əlaqə saxlayır və dissertasiya işlərinə aid bütün tədris-metodiki materialları əldə edə bilirlər.

ADDA-da təkrar ali təhsilin (qiyabi formada) bu il üçün ilk tədris prosesinə də başlanılıb. Qeyd etmək lazımdır ki, bu təhsil formasının qaydalarına görə hər bir imtahan sessiyası bitəndən sonra tələbələrə növbəti semestrdə tədris olunacaq fənlərin siyahısı dekanlıq tərəfindən təqdim edilir. Tələbələr həmin siyahıya uyğun olaraq müvafiq kafedralardan fənn materiallarını əldə edirlər. Buna baxmayaraq əyani qruplarda olduğu kimi, qiyabi formada təhsil alan tələbələrlə də əlaqə saxlanılıb və onlara lazimi materiallar və tapşırıqlar verilib.

ADDA-nın 4-cü kurs tələbələri yaz imtahan sessiyasında iştirak etmirlər. Onlar diplomqabağı təcrübəni bitirdikdən sonra may ayından yekun dövlət attestasiya imtahanlarına hazırlaşacaqlar. Artıq dövlət imtahanının sualları Akademiyanın rəsmi internet saytında və “Facebook” səhifəsində yerləşdirilib. Təcrübədə olan tələbələrin asudə vaxtlarında imtahana sərbəst şəkildə hazırlaşmaq imkanları var. Onlar da öz müəllimləri ilə əlaqə saxlayıb imtahanla bağlı lazımi məsləhətlər ala bilərlər.

Bütün bu proses ADDA rektoru Heydər Əsədov  tərəfindən daimi nəzarətdə saxlanılır. Mütəmadi olaraq Akademiyada bu işə təhkim edilmiş müvafiq strukturlarla əlaqə saxlanılır və yaranmış vəziyyət müzakirə olunur. Mümkün qədər tələbələrə lazım olan materialların çatdırılması üçün tədbirlər görülür.

Tədris prosesi təkcə dərs cədvəllərində olduğu saatlarda deyil, həmçinin tələbələrlə fərdi şəkildə də aparılır.