- XƏBƏRLƏR -
8535 Arxiv
Ukraynalı qonaqlar ADDA rektoru ilə görüşüblər
2020.03.13 12:48

Azərbaycanda səfərdə olan Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin rektoru Yevqeniy Truşlyakov və həmin təhsil müəssisəsinin Elmi Tədris Mərkəzinin rəhbəri Mixail Mixailov Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Heydər Əsədovla görüşüb.  

Görüşdə Heydər Əsədov bildirib ki,  Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti ADDA-nın əməkdaşlıq etdiyi digər xarici təhsil müəssisələri arasında xüsusi yer tutur. Rektor əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilməsi vacib olan işlər barədə danışıb.

Admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin rektoru Yevqeniy Truşlyakov Akademiya ilə əməkdaşlığın tarixindən söz açıb. O, ADDA-nın diplomunun 170-dən çox ölkədə tanınmasını yüksək qiymətləndirib. Bildirib ki, bu, Akademiyanın dənizçilik sahəsində nüfuzlu təhsil müəssisələri arasında xüsusi yeri olduğunu göstərir.  

Görüşdə Yevqeniy Truşlyakov ADDA ilə əməkdaşlıq memorandumunun imzalanmasında maraqlı olduqlarını da bildirib.

Sözügedən memorandumda təhsil müəssisələrinin professor-müəllim heyətinin əməkdaşlığı ilə elmi tədqiqatların aparılması, mühazirələrin keçirilməsi, müxtəlif konfransların təşkili nəzərdə tutulur. Təhsil müəssisələri arasında gəmiqayırma və dəniz texnikası kompleksləri texnologiyalarının transferi mərkəzinin yaradılması, araşdırma layihələrində birgə iştirak üçün tədqiqatçılar qrupunun formalaşdırılması da bu memorandumun tərkib hissəsidir.

Görüşdə “Gəmiqayrıma və gəmi təmiri” ixtisasının bakalavriat səviyyəsində birgə tədrisinin aparılması perspektivləri də müzakirə olunub. Bildirilib ki, qarşılıqlı tədris nəticəsində bu ixtisası bitirən tələbələr hər iki təhsil müəssisəsinin bakalavriat diplomunu qazanmış hesab edilir.

Sonda Admiral Makarov adına Milli Gəmiqayırma Universitetinin Elmi Tədris Mərkəzinin rəhbəri Mixail Mixailov təmsil etdikləri tədris ocağı haqqında geniş təqdimat nümayiş etdirib.