- XƏBƏRLƏR -
14399 Arxiv
Hər birinizə layiq olduğunuz ən böyük səadət arzulayıram
2020.03.06 11:45

Hörmətli xanımlar!

Əziz analar və bacılar!

Qarşıdan ülvi varlıq olan qadına bəşəriyyətin  məhəbbət və ehtiramını parlaq ifadə edən 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir.

Sizi – zərif cinsin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışan bütün nümayəndələrini bu bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, layiq olduğunuz ən böyük səadət və işlərinizdə uğurlar arzulayıram.

Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.

Gözəllik, sədaqət və ismət rəmzinə çevrilən Azərbaycan qadınları da tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Milli-əxlaqi dəyərlərimiz, mədəni irsimiz, adət-ənənələrimiz, ana dilimiz analarımızın sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarından məharətlə çıxaraq bu günümüzədək qorunub saxlanılıb.

Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı ədib, böyük alim… kimi tanınan qadınlarımızla həmişə fəxr etmişik. Hər birimiz üçün çox qiymətli Vətən, torpaq, dil anlayışlarının ana adı ilə qoşa çəkilməsi də qadınlara verilən yüksək qiymətin təzahürüdür.

Zamanın bütün sınaqlarından alnıaçıq çıxmış Azərbaycan qadınları bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, iqtisadi tərəqqisi üçün fədakarcasına çalışırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu indiki dövrdə Azərbaycan qadını gəncləri vətənə sədaqət ruhunda tərbiyə edərək onları xalqa, cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəlir.

Hazırda həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Vaxtilə zərif çiyinlərində yalnız bir ailənin yükünü çəkməklə kifayətlənən Azərbaycan qadını bu gün dünyanın ən mədəni, intellektual qadınlarının önündə gedir.  Bu da danılmaz həqiqətdir ki, öz istedad və bacarıqlarını üzə çıxarmaq üçün heç vaxt indiki qədər geniş imkanlara malik olmayıblar. Qadınlarımıza həmişə böyük hörmət bəsləmiş, onların cəmiyyətdə layiqli yer tutmaları  üçün istər sovet dövründə, istər müstəqillik illərində əlverişli şərait yaratmış Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları eyni diqqət və qayğı ilə Azərbaycan xanımlarının ictimai mövqeyinin daha da möhkəmlənməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Müxtəlif sahələrdə fərqlənən qadınlarımızın dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi buna əyani sübutdur. Xanımlarımızın cəmiyyətdəki yeri və rolunun əsas göstəricisi, mübaliğəsiz, onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, fəal əmək fəaliyyəti ilə məşğul olmalarıdır.

Bugün bütün dünya Azərbaycanın birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milli dəyərlərimizin və mədəniyyətimizin böyük təbliğatçısı, ümummilli problemlərimizin beynəlxalq müstəviyə çıxarılmasında əvəzsiz xidmətlər göstərən Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının nəyə qadir olduğunun şahididir.

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə, müəssisə və təşkilatlarında da dəniz nəqliyyatının inkişafına sanballı töhfələr verən yüzlərlə qadın çalışır. Gəmilərdə üzən, fırtınalar qoynunda  mütəmadi səfərlərə çıxan dənizçi xanımların  fədakarlığı isə hər cür tərifdən ucada durur.

Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın, əziz xanımlar!

Bahar təravətli bayramınız mübarək!

Rauf  Vəliyev,  

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri