- XƏBƏRLƏR -
5325 Arxiv
Ulu öndərin əziz xatirəsi yad edilib
2019.12.13 10:05

Dekabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir Ulu öndərin əbədi xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Sonra ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov anım mərasimində çıxış edib. Onun sözlərinə görə, həm Sovet İttifaqı dönəmində, həm də müstəqillik dövründə Azərbaycanda dövlətçiliyin sükanı arxasında məhz belə bir şəxsiyyətin olması xalqımız üçün çox uğurlu bir məqamdır. Xüsusən də müstəqillik əldə etdikdən sonra səriştəsiz insanların acınacaqlı bir hala saldığı dövlətin rəhbərliyinə yenidən qayıtmaq o dövrdə böyük bir cəsarət tələb edirdi. Lakin Heydər Əliyevin xalqına və millətinə olan sevgisi bu çətin işin öhdəsindən məharətlə gəlməsində ona kömək etdi. Z.Şərifov mərasim iştirakçılarına məhz Ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə dənizçilik sahəsində ali təhsil verən Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasını da xatırlatdı.

ADDA-nın “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev çıxışında bildirdi ki, müasir Azərbaycan dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi həyatın 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyində böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı onun gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır.

ADDA-nın Həmkarlar Komitəsinin sədri Elxan Məmmədov çıxışında bildirdi ki,  Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün nümunə olduğu kimi, həm də böyük bir məktəbdir. Bu gün fəxrlə deyə bilərik ki, dahi öndərimizin başladığı işləri onun siyasi varisi, hörmətli Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Məhz möhtərəm Prezidentimizin ötən illər ərzindəki fəaliyyəti göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti davam edir və xalqımız öz firavan gələcəyinə inamla addımlayır. Praqmatik realist, vətənpərvər dövlət başçımız İlham Əliyev prezident seçilən gündən bu günə qədər Heydər Əliyev kursuna sadiq qalaraq, xalqımızın rifah halının yaxşılaşdırılması, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun dünyaya inteqrasiyası, regionların sosial-iqtisadi inkişafını təmin edəcək proqramların hazırlanıb həyata keçirilməsi, yeni iş yerlərinin açılmsı, ölkədə gənclər hərəkatının və idmanın inkişaf etdirilməsi, neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində çox mühüm işlər görmüşdür.

Tədbirin sonunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin İctimaiyyətlə əlaqələr departamentinin hazırladığı “Dəniz qüdrətli dahi” sənədli filmi nümayiş etdirildi.