- XƏBƏRLƏR -
4835 Arxiv
Üçrəngli bayrağımız müstəqil Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir
2019.11.08 11:01

Əziz həmkarlar!
Qarşıdan bütün xalqımız üçün bir-birindən əlamətdar bayramlar gəlir. Sizi 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Hər xalqa müstəqil dövlət qurmaq və müstəqilliyini təcəssüm etdirən bayrağını göylərdə dalğalandırmaq səadəti nəsib olmur. Azərbaycan xalqı da belə səadətin sevincini yaşayan xalqlardandır. Üçrəngli bayrağımız bizə təkcə soykökümüzü xatırlatmır, dini inancımızı və müasirliyi təcəssüm etdirir, Odlar yurdunun qədimliyini göstərir, müstəqil Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Milli suverenliyin simvolu olan üçrəngli bayrağımızın dövlət atributu kimi bərpası Ulu öndərimizin adı ilə bağlıdır. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.
Bütün sahələrdə Ulu öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin milli ideallara bağlılığı özünü üçrəngli bayrağımıza münasibətdə də qabarıq göstərir. Müvafiq fərman və sərəncamları ilə 9 noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi də, Bakının ən münasib ərazisində Dövlət Bayrağı Meydanının, həmin meydanda Dövlət Bayrağı Muzeyinin yaradılması da milli atributlarımızı daim uca tutan ölkə başçımızın bayrağımıza sonsuz sevgisinin təcəssümüdür.
Bu gün milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi əks etdirən üçrəngli bayrağımızın dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmasından sonsuz iftixar hissi keçirdiyimiz kimi, hər bir müddəası xalqın iradəsini ifadə edən Əsas Qanunumuzla da haqlı olaraq fəxr edirik. Müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Konstitusiyamız Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradan və onun inkişafına güclü təkan verən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edən bu sənəd həm də xalqımızın dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin inkişafına öz töhfəsini bəxş etmək əzmini ifadə edir.
Əziz dənizçilər!
ASCO-nun müxtəlif təyinatlı gəmilərinin dor ağacında da müstəqilliyimizin, suverenliyimizin, istiqlaliyyətimizin rəmzi olan bayrağımızın dalğalanması harada üzməsindən asılı olmayaraq, gəmilərimizin müstəqil Azərbaycanımızın bir parçası olduğuna işarədir. Əminəm ki, bundan sonra da müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz.
Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının ən böyük arzusu Dövlət bayrağımızın Azərbaycanın işğal altında olan torpaqlarında dalğalandığını görməkdir. Möhtərəm Prezidentimizin böyük məharətlə həyata keçirdiyi uğurlu siyasət, regionun lider dövlətinə çevrilən ölkəmizin bütün dünyanı heyran qoyan iqtisadi tərəqqisi, gündən-günə möhkəmlənən ordumuzun torpaqlarımızı hər an işğaldan azad etmək qüdrətində olması bu ülvi arzumuzun da gerçəkləşəcəyinə bizdə qəti əminlik yaradır.
Bayramlarınız mübarək olsun!

Rauf Vəliyev,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri