Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov Tələbə gənclər təşkilatının fəalları ilə görüşüb. H.Əsədov dövlət başçısı cənab İlham Əliyevin Gənclər siyasətindən, ölkə həyatının ən müxtəlif sahələrində aparılan köklü islahatlardan danışıb. Bildirib ki, gələcəkdə onların yüksək səviyyədə karyera qurmaq imkanları böyükdür. Bunun üçün biliklərə daha dərindən yiyələnmək, Akademiyanın ictimai həyatında daha fəal iştirak etmək lazımdır. Rektor bu görüşün qeyri-rəsmi xarakter daşıdığını söyləyərək tələbələrdən onları narahat edən probleməri səsləndirməyi təklif edib.
ADDA-nın Tələbə Gənclər Təşkilatının sədri Vurğun Cəfərov görüş imkanını yaratdığı üçün H. Əsədova təşəkkürünü bildirib. Görüşdən öncə tələbələr arasında apardığı söhbətlərdən danışan V. Cəfərov onları narahat edən cari problemləri qeyd edib. Səsləndirilən problemlərin aradan qaldırılması görüşdə iştirak edən prorektor və fakültə dekanlarına tapşırılıb.
Görüşdə həmçinin Tələbə Həmkarlar İttifaqının sədri və Yeni Azərbaycan Partiyasının ADDA üzrə əlaqələndiricisi də çıxış ediblər.
Sonda rektor H. Əsədov istər dərs prosesində, istərsə də dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində üzləşdikləri istənilən çətinliklərlə bağlı birbaşa ona müraciət etmələrini tələbələrin nəzərinə çatdırıb.