- XƏBƏRLƏR -
5831 Arxiv
Yeni kitablar ADDA-ya təqdim olunub
2019.09.05 07:15

ASCO-nun sifarişi ilə nəşr olunan “Azərbaycanda Gəmiçilik: Sənədli tarix”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-160 il”,  “Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti” kitabları Azərbaycan Dövlət Dəniz Akademiyasının kitabxanasına təqdim olunub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr edilmiş “Azərbaycanda Gəmiçilik: Sənədli tarix”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-160 il” kitabları və Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılmış “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabları Akademiyanın tələbələrinin asudə vaxtlarında oxuyacaqları və Azərbaycanda gəmiçiliyin tarixi haqqında geniş məlumat əldə edə biləcəkləri maraqlı kitablar siyahısında yer alacaq.

“Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti”  kitabında Ümummilli Liderin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.

Bundan başqa, kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi və sair kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.

Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair nəşrlər, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.

Qeyd edək ki, “Azərbaycanda gəmiçilik: Sənədli tarix” kitabının müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Nəşrdə ölkəmizin zəngin dənizçilik ənənələrinə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə nəzər salınıb. Burada  fotoların hər biri özündə böyük bir tarixi əhəmiyyətli yük daşıyır.

ASCO-nin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Sevda Abdullayevanın müəllifi olduğu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” kitabında isə nadir foto və maraqlı məlumatlarla bərabər, markalar da yer alıb.