- XƏBƏRLƏR -
6081 Arxiv
ADDA-da “Vətən saatı” keçirilib
2019.05.21 07:33

Azərbaycan Dövlət Dəniz Akademiyasının akt zalında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə “Vətən saatı” adlı tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra dövlət himni səslənib.

Akademiyanın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyev tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Vətən uğrunda canını verən Azərbaycan övladlarının xatirəsi daim ürəyimizdə yaşayır. Şəhid olsalar belə onların əməlləri bugün də istər gənc, istərsə də yaşlı nəslin nümayəndələri üçün örnək olaraq qalır. Belə tədbirlər də ölkəmizin ictimai həyatında həmişə aktiv yer tutan tələbələrə şəhidlərimiz və onların qəhrəmanlığı barədə daha ətraflı informasiya verməyə kömək edir.

Sonra İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli çıxış edərək gənclərə dövlətçilik mövqeyinin, vətənpərvərlik ruhunun aşılanması üçün ali təhsil ocaqlarında vətənpərvərlik saatlarının keçirilməsinin əhəmiyyətini vurğulayıb. “Vətən saatı” ideyasının müəllifi, yazıçı-publisist Azər Hacıbəyli gənclər arasında Milli Qəhrəmanların tanıdılmasının və keçdikləri mübarizə yolunun yaxından öyrənilməsinin vacib rolundan danışıb. İSBAM sədrinin müşaviri, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində medianın rolu barədə söhbət açıb. Daha sonra tədbirdə iştirak edən Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova və şairə, polis mayoru Aidə Şirinova,  İSBAM sədrinin müşaviri Samir Şahverdiyev çıxışlarında Azərbaycan Qəhrəmanlarının keçdiyi mübarizə yolunun gənc nəsil üçün gözəl örnək və əsl vətənpərvərlik məktəbi olduğunu qeyd ediblər. Tədbirin yekununda ilk Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş sənədli film nümayiş etdirilib.