- XƏBƏRLƏR -
5425 Arxiv
Dənizçilər arasında şahmat yarışı keçirilib
2019.05.10 01:10

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)  sosialyönlü tədbirlərini davam etdirir.

Belə ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin struktur bölmələrinin əməkdaşları arasında şahmat yarışı keçirilib. 

Turnir Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin akt zalında baş tutub.

Yarışın yekun nəticəsinə əsasən Xəzər Dəniz Neft Donanmasının əməkdaşı, kapitanın böyük köməkçisi Taryel Mehdiyev birinci yeri tutub.  Zəka sahiblərindən Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Oktay Poladov ikinci, Xəzər Dəniz Neft Donanmasının sənədlərlə iş üzrə mütəxəssisi Arzu Mehdiyev üçüncü olub.

Ölkəmizdə idmanın inkişafına Ümummilli Lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilib. Məhz, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təşkil olunan  idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.