- XƏBƏRLƏR -
5667 Arxiv
YAP Səbail rayon təşkilatının üzvləri Cocuq Mərcanlıya səfər edib
2019.04.04 07:44

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər təşkil edib.

Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və gənclərdən ibarət 100 nəfər iştirak edib. İştirakçılar arasında Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də olub.

Səfər iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra Cocuq Mərcanlıda yol kənarına çinar ağacları əkilib.

Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. 

Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib.

Nümayəndə heyəti ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlara televizor hədiyyə ediblər. 

Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məsciddə də olub, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra N saylı hərbi hissəyə gələrək əsgər və zabitlərlə birgə nahar ediblər.

Səfər çərçivəsində Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan abidə də ziyarət olunub. Zəhranın valideynlərinə baş çəkən nümayəndə heyəti onlara maddi yardım ediblər.