Aprelin 5-də nüfuzlu proqram təminatçısı olan CADMATİC şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə “Gəmilərin və dəniz qurğularının layihələndirilməsi və tikintisinin optimallaşdırılması texnologiyaları” mövzusunda seminar keçirəcək. Bu beynəlxalq seminar Azərbaycan Dövlət Dəniz Akademiyasında təşkil olunacaq.
CADMATİC proqram təminatı istənilən mürəkkəbliyə malik gəmilərin layihələndirilməsi və tikintisi üçün ixtisaslaşmış vasitədir. Dünyanın 59 ölkəsində 1000-dən çox şirkət CADMATİC proqramından istifadə edir.
Seminarda 3D modelləşdirmə əsasında layihələndirmə texnologiyalarına dair aktual mövzular diqqət mərkəzində olacaq. Şirkətin nümayəndələri sistemin imkanlarını nümayiş etdirəcək, tikilməkdə olan gəminin hazırlıq səviyyəsini izləməyə və texniki nəzarəti həyata keçirməyə imkan verən, bir sözlə, informasiyanı idarə edən yeni vasitələri təqdim edəcəklər. Seminar iştirakçıları real vaxt rejimində proqramın müxtəlif modullarının qarşılıqlı əlaqəsini görəcək, informasiyanın idarə edilməsi üçün stasionar və portativ vasitələrin modeli ilə tanış olacaqlar.
Beynəlxalq seminarda Rusiya, Ukrayna, Qazaxıstan və Turkmənistandan qonaqların, habelə Dəniz Akademiyasının müəllim, magistrant və tələbələrinin iştirakı planlaşdırılır.