- XƏBƏRLƏR -
8544 Arxiv
ADDA-da andiçmə mərasimi keçirildi
2018.09.17 07:52

Sentyabrın 17-də Azərbaycan Dövlət Dəniz Akademiyasında yeni tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Dənizkənarı Milli Parkda yerləşən Yaxtklubda təşkil edilmiş mərasim Hərbi Dəniz Qüvvələri orkestrinin ifasında Dövlət himninin səslənməsi ilə başladı. Yaxtklubun flaqştokunda Azərbaycan Respublikasının Dövlət Bayrağı, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ADDA-nın bayraqları dalğalanırdı. Mərasimdə “AXDG” QSC-nin və Akademiyanın rəhbər işçiləri, valideynlər iştirak edirdilər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev tələbələrə müraciətində bu ali təhsil ocağında yaradılmış şəraitdən, yeniliklərdən, aparılan islahatlardan danışdı, gənclərə dərslərində müvəffəqiyyət arzuladı, bütün tələbələri, xüsusilə da birinci kursa qəbul olanları təbrik etdi.

Mərasimdə qeyd olundu ki, ölkəmizdə dənizçilik təhsilinin tarixi 1881-ci ildən Bakı dənizçilik siniflərinin yaradılması ilə əlamətdardır. Sonradan Bakı Dəniz Yolları Məktəbi adı altında fəaliyyət göstərsə də, burada orta ixtisas təhsili verilib. Yalnız 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası təsis edilib. O vaxtdan yüzlərlə məzun Akademiyanı bitirərək respublikamızın dəniz nəqliyyatının müxtəlif sahələrində, donanmalarımızda çalışır. 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldıqdan sonra Dəniz Akademiyasının da tarixində yeni dövr başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəniz nəqliyyatına daimi qayğısının əməli nəticəsi olaraq Gəmiçilik rəhbərliyi Akademiyanın problemlərini, tədrisin təşkilini diqqət mərkəzində saxlayır, yeniləşmə və müasirləşmə siyasətini həyata keçirir. Gəmiçiliyin sədri Rauf Vəliyev mütəmadi olaraq həm professor-müəllim heyəti, həm də tələbələrlə görüşür, onların sosial həyatında və tədris prosesində ən müxtəlif yönümlü məsələlərin vaxtında həlli üçün əlindən gələni edir. Akademiya kollektivi də istər ölkə, istərsə də Gəmiçilik rəhbərliyinin bu qayğısına əməli işi ilə cavab verməyə çalışır.

Valideynlər adından çıxış edən Naimə Şükürova övladı Ayşənin 500-dən çox bal toplayaraq ADDA-ya daxil olmasından iftixar hissi duyduğunu bildirdi, gənclərə yaxşı oxumağı və Vətənimizə layiq mütəxəssis olmağı tövsiyə etdi.

Sevindirici haldır ki, Akademiyaya bu il qəbul olan gənclər üçün ilk dəfə andiçmə mərasimi təşkil edildi. “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını seçmiş ilk xanım tələbəmiz Fatimə Abbasova sıra qarşısına çıxaraq Tələbə andını səsləndirdi və onun yoldaşları hamılıqla Dəniz Akademiyasının tələbəsi adını yüksək tutacaqlarına, elm və biliklərə dərindən yiyələnmək üçün var qüvvələri ilə səy göstərəcəklərinə, Akademiyanın və dənizçi peşəsinin ənənələrini qoruyacaqlarına, dənizçi formasına hörmətlə yanaşacaqlarına və onu şərəflə daşıyacaqlarına, dövlətçiliyimizə və xalqımıza sədaqətli, Azərbaycana layiqli vətəndaş olacaqlarına and içdilər.

Mərasimin yekununda marş sədaları və Azərbaycan Respublikasının Dövlət Bayrağı, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ADDA-nın bayraqları altında tələbələr tribuna qarşısından keçərək birbaşa Akademiyanın auditoriyalarına yollandılar.