- XƏBƏRLƏR -
14474 Arxiv
Cümhuriyyət dövründə gəmiçilikdə vəziyyət və dənizçilik məktəblərinin fəaliyyəti
2018.05.24 17:13

Azərbaycanda dənizçilik sahəsində təhsilin əsası hələ Çar Rusiyası dövründə qoyulmuşdu. Kapitalizmin inkişafı ilə əlaqədar XIX əsrdə gəmiqayırma və gəmi sürücülüyü sahələrində köklü dəyişikliklər baş verir, yelkənli taxta gəmilər buxar mühərrikləri ilə işləyən metal gəmilərlə əvəzlənirdi. Həmin dəyişikliklər Çar Rusiyası hökumətinin qarşısında dəniz gəmiçiliyi üçün ixtisaslı kadrların hazırlanması, ümumtəhsil dəniz müəssisələrinin genişləndirilməsi kimi məsələlər qoymuşdu.1856-cı ildə Rusiya Ticarət Donanmasını inkişaf etdirmək üçün komitə, 1864-cü ildə “Dənizçilik sinifləri haqqında nizamnamə” və “Şkiper və şturman adı almaq üçün sınaq qaydaları”nı hazırlayan xüsusi komissiya yaradıldı. XIX əsrin ikinci yarısında Rusiyanın iqtisadi sahədə möhkəmlənməsi dəniz nəqliyyatının inkişafına təkan verdi. Bu isə Bakı limanının rolunun artmasına və Xəzər dənizində yük dövriyyəsi üzrə Rusiyada birinci yerə çıxmasına səbəb oldu.

1870-ci ildə Bakı limanına təhkim olunmuş gəmilərdə 1500-dən çox azərbaycanlı dənizçi, o cümlədən 248 losman üzürdü. Bakıda dənizçiliklə bağlı təhsil müəssisəsinin olmaması və şəhər ictimaiyyətinin dənizçiliyə marağı nəzərə alınaraq, Bakıda “Dənizçilik sinifləri”nin təsis edilməsi qərara alındı. Bununla bağlı ideya 1872-ci ildə sürülsə də, ilk sinfin yalnız 1881-ci il noyabrın 8-də yaradılmasına nail olundu. İlk olaraq bu sinfə 8 şagird yazıldı, lakin qısa zamanda şagirdlərin sayı artmağa başladı. Artıq bir il sonra bu kurslarda 26 nəfər təhsil alırdı. Təhsil alan şagirdlərin içərisində azərbaycanlı, rus, erməni, hətta alman şagirdləri vardı. Burada riyaziyyat, rus dili, coğrafiya və naviqasiya üzrə dərslər keçirilirdi. Məktəbə daxil olmaq üçün xüsusi bilik tələb olunmurdu. Sadəcə yazıb-oxumağı bilmək kifayət edirdi. Dənizçilik siniflərini bitirənlər yalnız gəmi sürücüsü, şkiper və şturman ixtisası üzrə çalışa bilirdilər. 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üçillik “Bakı uzaq səfərlər məktəbi” yaradıldı və məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da “Bakı uzaq səfərlər məktəbi” və həmçinin “Bakı Dəniz Texnikumu”, “Bakı gəmi mexanikləri” məktəbi də öz fəaliyyətini davam etdirirdi. Həmin dövrdə şagirdlər ödənişsiz təhsil alır və yataqxanadan istifadə edirdilər. Dərsliklər rus dilində olduğu üçün tədris də həmin dildə aparılırdı. Azərbaycanda dənizçiliklə bağlı biliklərin aşağı olması səbəbindən məktəblərə qəbul zamanı xüsusi şərtlər qoyulmamışdı. Sadəcə müraciət edənlərin oxuyub-yazmaq bacarıqlarına baxırdılar. Təhsil ocaqlarında Azərbaycan Xalq Cümhuriyyəti dövründə də məzun buraxılışı olub. Məzunlar neft və digər yüklər daşıyan gəmilərdə çalışmağa başlayıblar.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi müvəqqəti hökumətin tərkibindəki ilk nazirliklərdən biri Yollar Nazirliyi idi. İlk yollar naziri vəzifəsinə Zaqafqaziya Seymi hökumətində yollar naziri işləmiş, dəmir yol işləri sahəsində böyük təcrübəyə malik məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi. 1919-cu ilin sonuna yaxın Yollar Nazirliyinin strukturuna bir sıra idarələrlə yanaşı, Bakı Dənizçilik Məktəbi də daxil olmuşdu.

Həmin dövrdə də dənizçilik məktəblərini bitirən azərbaycanlı şagirdlər gəmidə yüksək vəzifələrdə çalışa bilmirdilər. Bunun üçün Odessa, Sankt-Peterburq, Novorossiysk şəhərlərində ali təhsil almaq lazım idi. Savadlı kadrların azlığı dənizçilik məktəblərinin rəhbərliyinə azərbaycanlı şəxslərin gətirilməsi məsələsini ləngidirdi. Cümhuriyyət dövründə bir çox sahələrdə, o cümlədən məktəblərdə milliləşmə getsə də, dənizçilik məktəbini milliləşdirmək mümkün olmadı. Yalnız 1933-cü ildə professor Qasım Kazım oğlu Gül Bakı Dənizçilik Texnikumuna direktor təyin edildi və bununla da azərbaycanlı kadrların irəli getməsi üçün şərait yarandı. Bununla da hələ Cümhuriyyət dövründə formalaşmış “azərbaycanlılar gəmi idarə etməyə qabil deyillər” fikrinin yanlış olduğunu zaman özü sübut etdi.

Qeyd etmək istərdim ki, Cümhuriyyət dövründə xaricə oxumağa göndərilən azərbaycanlı gənclər sırasında dənizçilik peşəsi üzrə təhsil alan tələbələr də olub. Onlardan biri Abbas Seyfulla oğlu Atamalıbəyov idi. Xalq Cümhuriyyəti parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş A.Atamalıbəyov ilk təhsilini Şamaxıda və Tiflisdə almışdı. Topçu zabit olmaq istəsə də, görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuş, bu dövrdə sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdi. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, sonra Qafqaza qayıdaraq siyasi fəaliyyətini davam etdirmişdi. Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət parlamentində sosialistlər bloku fraksiyasının üzvü idi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Xarici İşlər Nazirliyi Paris sülh konfransında (1919-20) Azərbaycan nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam etmişdi. O, nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyətinə xüsusi diqqət yetirilən Lütfəli bəy Rəhim Ağa oğlu Behbudov da milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuş dənizçilərdən idi. O, 1903-cü ildə Peterburq Texnoloji İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirərək Bakıya qayıtmış, 1904-cü ildən Xəzər ticarət donanması gəmi mexanikləri kursunda nəzəri mexanikadan dərs demiş, 1908-ci ildə Kür-Xəzər Gəmiçilik Cəmiyyətinin rəhbəri olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdən qarşıya qoyduğu əsas məsələlərdən biri ticarət gəmilərini Cümhuriyyətin sərəncamına keçirmək, gəmilərin Azərbaycan bayrağı altında üzməsinə nail olmaq idi. Lakin yeni yaranan dövlətin qarşısında o qədər məsələ dayanırdı ki, dənizçilik sahəsində daha miqyaslı addımlar atılmasına zaman yetmədi. Birinci dünya müharibəsi su nəqliyyatına da ağır zərbə vurdu. Ticarət gəmilərinin xeyli hissəsi Azərbaycan sərhədlərindən çıxarılıb aparıldı və ya yararsız hala düşdü. Qalan ticarət gəmiləri və Bakı limanı 1918-ci il noyabrın 29-dan ingilis komandanlığının sərəncamına keçdi. Ticarət donanmasını idarə etmək üçün Bakıda “İngiltərə dəniz nəqliyyatı” şirkəti yaradıldı.

Azərbaycanda dənizçilik məktəbləri dövlət müstəqilliyinin bərpasından sonra demək olar ki, özünün intibah dövrünü yaşamağa başladı. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılması məhz ulu öndər Heydər Əliyevin müdrik düşüncəsinin və uzaqgörən siyasətinin nəticəsi idi. Akademiya respublikanın ticarət gəmilərində işləmək üçün yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb kimi fəaliyyətə başladı.

Hazırda Dövlət Dəniz Akademiyasının yetişdirdiyi yüksəkixtisaslı mütəxəssislər Xəzər dənizi və beynəlxalq sularda üzən gəmilərdə çalışırlar. Akademiyada təhsil alan tələbələrin nəzəri və praktiki biliyə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bilik nəticələri ilə fərqlənən tələbələrə təqaüd verilir, onların xaricdə təhsil almasına və təcrübə keçməsinə kömək göstərilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yüksəkixtisaslı kadrların yetişdirilməsində akademiyaya daim dəstək olur, tələbələri dənizçilik peşəsinə həvəsləndirmək üçün digər tədbirlər həyata keçirir.

 Mənbə: Azərtac