- XƏBƏRLƏR -
11151 Arxiv
ADDA-da beynəlxalq konfrans işə başlayıb
2018.05.03 17:47

Mayın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XIII Beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərin zəngin həyat yolu barədə videofilm nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov qonaqları və iştirakçıları salamlayaraq, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından ətraflı söhbət açıb. Bildirib ki, 2018-ci ilin may ayı Ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü, müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və  Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlamətdardır. Heydər Əliyevin yüksək insani və siyasi keyfiyyətləri, Azərbaycan xalqına vurğunluğu, sevgisi təkcə müasirlərimiz üçün deyil, gələcək nəsillər üçün də parlaq örnəkdir. Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun tarixi seçimi ilə bağlıdır. Özündən sonra müstəqil respublikanın və doğma xalqının taleyini birmənalı olaraq biliyinə, bacarığına, dərin intellektinə və yüksək mədəniyyətinə, inkaredilməz liderlik və təşkilatçılıq qabiliyyətinə yaxşı bələd olduğu üçün İlham Əliyevə həvalə etməklə Azərbaycanın gələcək uğurlu inkişafını təmin etmiş oldu.

Z.Şərifov Akademiyanın divarları arasında belə geniş nümayəndəliyə malik - Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Qazaxıstan və Ukrayna  alimlərinin iştirak etdiyi beynəlxalq konfransın keçirilməsinin böyük şərəf olduğunu vurğulayıb.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov məruzəsində dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə dəniz nəqliyyatının qorunub saxlanılmasında və sonrakı inkişafında müstəsna rolunu, onun düşünülmüş, möhkəm təmələ malik strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bacarıqla həyata keçirildiyini beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun, digər müasir sənaye və infrastruktur obyektlərinin inşası, respublikamızda güclü dəniz nəqliyyatı qurumunun – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması məhz İlham Əliyevin adı ilə bağlıdır. Dənizçilər və sahil təşkilatlarında çalışanlar yüksək səviyyəli iş şəraitinə, sosial qayğıya görə ölkə rəhbərliyinə və doğma Gəmiçiliyimizə daim minnətdardırlar.

V.Sadıqov konfransın təşkilati məsələləri barədə məlumat verərək, ümumilikdə 113 məqalə və məruzənin daxil olduğunu söyləyib. 6 xarici ölkədən 41, ADDA üzrə 46, respublikanın 11 ali məktəbindən, AMEA-nın elmi-tədqiqat institutlarından 26 məruzə beş bölmədə təmsil olunacaqdır. Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materialları “ADDA-nın elmi əsərləri” məcmuəsində çap olunacaqdır.

Sonra konfransda iştirak edən xarici qonaqlar – admiral F.F. Uşakov adına Novorossiysk Dəniz Universitetinin prorektoru D.Studenikin, Ş.Yesenov adına Qazaxıstan Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin dosenti V.Kabılbekova, İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin professoru M.Kadıoğlu, Batumi Naviqasiya Tədris Universitetinin professoru D.Tsintsadze, admiral Nevelski adına Vladivostok Dövlət Dəniz Universitetinin baş müıllimi L.Semenyuk konfrans iştirakçılarını salamlayaraq uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.

Konfransa mayın 4-də yekun vurulacaq.