- XƏBƏRLƏR -
10815 Arxiv
Yenilənmiş ADDA saytının təqdimatı keçirilib
2018.03.30 13:00

Azərbaycan Dövlət Dəniz Akademiyasının Heydər Əliyev adına muzey-lektoriyasında 02.04.2018-ci il tarixində rebrendinq çərçivəsində akademiyanın müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytının təqdimatı keçirilib. Təqdimatda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, ADDA rəhbərliyi iştirak edib.

ADDA saytının yenilənərək rekonstruksiya və redizayn edilməsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilib. İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək bu gün istənilən qurumun, təşkilatın veb-saytının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və saytın təhlükəsizlik tələbləri barədə məlumat verib. Sonra Akademiyanın İnformasiya resurs mərkəzinin mühəndisi Zaur Mustafayev veb saytın dizayn, texniki və proqram təminatında edilən yeniliklər, dəyişikliklər barədə təqdimatla çıxış edib.

ADDA (Azərbaycan Dövlət Dəniz Akademiyası) saytın domain adında da öz əksini tapıb. adda.edu.az saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşən, üç dildə fəaliyyət göstərəcək  saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. ADDA-nın yenilənmiş vebsaytı AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılaraq  Azərbaycan Respublikasında rəsmi vebsaytlar üçün qoyulan bütün təhlükəsizlik tələblərinə cavab verir. HTML5, jQuery, CSS3, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Responsiv dizayna malik sayt izlənmə statistikasının aparılması məqsədilə Google Analitics-ə qoşulub və veb saytın dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.

Saytda akademiyanın struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı ADDA nəzdində fəaliyyət göstərən TəlimTədris Mərkəzi, Dənizçilik Kolleci haqqında informasiyalar yer alıb. Yaxın zamanda saytın əlavəsi kimi Elektron Akademiya layihəsi çərçivəsində EDUMAN sistemi sayta inteqrasiya ediləcək və test rejimində istifadəçilərə təqdim olunacaq.

Daha sonra rebrendinq çərçivəsində Akademiyanın yeni korporativ loqotipi təqdim edilib. Bu barədə məlumat verən İRM-in müdiri S.Rzayeva minimalizm stili bazasında qurulan yeni loqotipdə müasir dənizçilik təhsili konsepsiyasının prioritet götürüldüyünü, əsas komponentlər kimi gəmi, şturval və kitabın yer aldığını və loqo “Beynəlxalq sularda üzən gəmilərimizin işıqlı yolu yalnız təhsildən keçir” fəlsəfəsini əks etdirdiyini qeyd edib.

Sonda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, texnika üzrə fəlsəfə doktoru Çingiz Əliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söz açıb. AMEA prezidenti, akademik Akif Əlizadə, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun əməkdaşlarına veb-saytın yeni versiyasının  yaradılmasında göstərdikləri köməyə görə öz təşəkkürünü bildirib.