- XƏBƏRLƏR -
9590 Arxiv
“Dəniz Nəqliyyatında İnnovativ Texnologiyalar” mövzusunda XI ənənəvi Beynəlxalq elmi-texniki konfrans
2016.05.05 15:00

5 may 2016-cı ildə Ümummilli Lider Heydər Əliyevin anadan olunmasının 93-cü il dönümünə həsr olunmuş “Dəniz Nəqliyyatında İnnovativ Texnologiyalar” mövzusunda XI ənənəvi Beynəlxalq elmi-texniki konfrans keçirildi.

Konfransda  Azərbaycan,  Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və  Belarus alimləri öz elmi məruzələri ilə iştirak edirlər. Bu gün yığıncağımızda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və Azərbaycan Dövlət  Dəniz Administrasiyasının rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, AMEA – nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev; Səbayıl rayonu icra başçısının  birinci müavini Xalidə Bayramova, İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin nümayəndələri -  Sayın Müjgan Özenir və Sayın Muhsin Kadıoğlu, Ukrayna Dəniz  Mühəndisliyi bürosunun baş direktoru texnika elmləri doktoru, professor Yeqorov Gennadiy Vyaçeslavoviç; Kiyev Dövlət Su Nəqliyyatı Akademiyasının nümayəndələri – Qasenkla Larisa Vladimirovna və Lisanov Qeorgiy Valeryeviç; Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəhbərliyi , həmçinin, ölkəmizin bir çox ali məktəbləri və aparıcı mütəxəssisləri iştirak etdilər.        

Konfrans Azərbaycan Dövlət Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə əyani nəzər salmaq üçün videofilmə baxıldı

Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Faiq Nağıyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konfransların təşkilinin artıq ənənəyə çevrildiyini söylədi. Azərbaycan Dövlət Dəniz Akademiyasının bu günü və sabahı haqqında ətraflı çıxış etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalar İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev “AMEA və ADDA-nın elmi əməkdaşlıq perspektivləri” mövzusunda ətraflı məruzə ilə çıxış etdi və bu perspektivləri çox yüksək dəyərləndirdiyini vurğuladı.

ADDA-nın “İctimai fənlər və dillər”  kafedrasının müdiri, dosent İlqar Abdullayev “Heydər Əliyev Azərbaycan multikulturalizminin konseptual yaradıcısıdır” mövzusunda məruzəsində vurğuladı ki, multikultural nəzəriyyənin əsasında Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası dayanır. Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan etməsinin əhəmiyyətlindən danışarkən vurğuladı ki, Azərbaycan dövlətinin milli- mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır. Ölkəmizdə heç vaxt etnik və dini zəmində münaqişələr müşahidə olunmayıb. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə böyük təkan verib.

Çıxışlarda qeyd edildi ki, dəniz nəqliyyatı sahəsində də çox mühüm işlər görülür və bu uğurların davamlı olması üçün dövlət başçımızın qoyduğu bütün tapşırıqların layiqincə yerinə yetirilməsinin vacibdir.

Beynəlxalq konfransın yekununda ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov bütün konfrans iştirakçılarını və təşrif buyuran qonaqları salamladı və iştiraklarına görə təşəkkürünü bildirdi. O, konfransın gedişatı haqqında məlumat verərkən, qeyd etdi ki, konfrans öz işini “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, Gəmiçilik texnikası”, “Gəmiçilikdə təbiət elmlərinin problemləri” və “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə 5-6 may tarixlərində davam etdirəcəkdir.