- XƏBƏRLƏR -
10072 Arxiv
Milli Ordumuzun erməni təxribatına qətiyyətli cavabı Qələbəyə inamımızı artırıb
2016.04.05 11:00

Aprelin 5-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək, Ali Baş Komandanımıza və Milli Ordumuza  dəstək məqsədilə aksiya keçirildi. Tədbirdə Akademiyanın tələbələri və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri də iştirak edirdilər.

 

Öncə Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Dəstək aksiyasını giriş sözü ilə açan Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru Faiq Nağıyev Ermənistanın son günlər ölkəmizə qarşı növbəti silahlı təxribatı nəticəsində təmas xəttində baş verən döyüşlərdən, düşmən hücumlarının qarşısının alınmasında mütəşəkkil və yenilməz Azərbaycan Ordusunun göstərdiyi böyük qəhrəmanlıqdan danışdı.

 

Bu gün Gəmiçiliyin kollektivinin baş verən hadisələri diqqətlə izlədiyini, bütün Azərbaycan xalqı kimi, dənizçilərin də ürəklərinin ön cəbhədəki oğullarımızın yanında olduğunu söyləyən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrimizə edilən təxribatçı hücumların qarşısının qətiyyətlə alınmasını, cavab tədbirləri ilə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının məhv edilməsini dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Milli Ordumuzun və bütövlükdə xalqımızın növbəti uğuru kimi dəyərləndirdi.

 

Natiq çıxışında möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməklə işğal altındakı bütün torpaqlarımızın erməni qəsbkarlarının tapdağından tezliklə azad ediləcəyinə, öz ocaqlarından didərgin düşmüş soydaşlarımızın yurdlarına qayıdacaqlarına və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə etdi.

 

Düşmənə vurulan sarsıdıcı zərbənin istər rəşadətli ordumuzda, istərsə də xalqımızda böyük ruh yüksəkliyi və qələbəyə inam yaratdığını vurğulayan tələbələr Dəniz Akademiyasında təhsil alan gənclərin Ali Baş Komandanın əmri ilə Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər və dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə göz yummamağa çağırdılar.

 

Sonda aksiya iştirakçıları adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olundu, dövlət himnimiz səsləndi.