- XƏBƏRLƏR -
9988 Arxiv
Ulu Öndərin xatirəsinə həsr olunan elmi konfrans
2016.04.08 11:00

Aprelin 7-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib. Konfransda tələbə, magistr və gənc tədqiqatçılar iştirak ediblər.

 

Açılış mərasimində əvvəlcə Ulu Öndərin zəngin ömür yolu barədə videomaterial nümayiş etdirildi.

 

Giriş sözü ilə çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, professor Zahid Şərifov bildirdi ki, belə tədbirlər, o cümlədən olimpiada və seminarlar daha savadlı, yüksək ixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edir, tələbələri elmi yaradıcılığa həvəsləndirir, öz fikirlərini sərbəst və aydın ifadə etmələrinə şərait yaradır.

 

Sonra Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini Şahlar Məmmədov, Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru, professor Faiq Nağıyev bu kimi elmi tədbirlərin böyük əhəmiyyətindən danışdılar, elm və təhsilin gənclər üçün gələcəyə açılan qapılar olduğunu vurğuladılar, tələbələrə tövsiyələrini verdilər.

 

Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim İsaq Xankişiyev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclərə qayğısından, ölkəmizdə elmin inkişafına diqqətindən, həmin siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bacarıqla davam etdirilməsindən ətraflı söhbət açdı.

 

Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirdi, 7 bölmədə 100-dən çox məruzə dinlənildi.

 

Bu gün konfransın işinə yekun vurulacaq. Hər bölmədə ilk 3 yeri tutan qaliblər müvafiq diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar