- XƏBƏRLƏR -
10769 Arxiv
ADDA-da "Açıq qapı günü" keçirildi
2016.02.20 11:00

Respublikamızda 2016-cı il üçün tələbə qəbulu kampaniyası artıq başlanıb. 2016/2017-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına yüksək göstəricilərə malik abituriyentlərin qəbul olmasını təmin etmək məqsədilə, eləcə də ölkəmizin müxtəlif regionlarında və paytaxtda yerləşən orta məktəblərdə aparılan təbliğat layihəsinin tərkib hissəsi kimi fevralın 20-də ADDA-da "Açıq qapı günü" keçirildi.

 

Tədbirə X-XI sinif şagirdləri və onların valideynləri ilə yanaşı, Səbail rayon icra hakimiyyətinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbər işçiləri də dəvət olunmuşdular.

 

Dəniz Akademiyasının rektoru Çingiz Əliyev qonaqları salamlayaraq, bölgədə ali təhsilli dənizçi kadrlar hazırlayan bu yeganə təhsil ocağının maddi-texniki bazası, təlim-tədris prosesi, tələbələr üçün yaradılmış şərait barədə ətraflı məlumat verdi. Rektor bildirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldıqdan sonra Gəmiçiliyin rəhbərliyi Dəniz Akademiyasının problemlərinə xüsusi həssaslıqla ilə yanaşır, dənizçi peşəsinin nüfuzunun bərpası istiqamətində ardıcıl tədbirlər görür. Belə ki, tədrisin yüksək beynəlxalq standartlar səviyyəsində aparılması üçün yeni trenajorlar, laboratoriyalar alınır, xarici dillərin öyrədilməsinə böyük diqqət yetirilir. Bununla yanaşı, tələbələrin sosial həyatına fikir verilir, onlar pulsuz yataqxana və geyim forması, gündə iki dəfə pulsuz isti yemək, bütün lazımi mühazirə və dərsliklərlə təmin olunurlar.

 

Səbail RİH başçısının müavini Xalidə Bayramova icra hakimiyyəti ilə Gəmiçiliyin əməkdaşlığından, birgə layihələrindən söhbət açdı, rayonda əlil uşaqlara, imkansızlara, şəhid ailələrinə göstərilən qayğıya görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyevə minnətdarlığını bildirdi.

 

Gəmiçilik sədrinin birinci müavini Zamiq İsmayılov çıxışında valideynlərə və gənclərə dənizçi kimi şərəfli peşə barədə danışdı, dünya sularında müstəqil Azərbaycanın üçrəngli bayrağını dalğalandırmağın necə qürur hissi doğurduğunu vurğuladı. Qeyd etdi ki, o da vaxtilə Dəniz Akademiyasını bitirib və burda aldığı biliklər hesabına uğurlu karyera qurub. Bu yol hər bir məktəbli və tələbə üçün açıqdır. Yaxşı oxumaqla, elmlərə yüksək səviyyədə yiyələnməklə həyatda müvəffəqiyyət qazanmaq gənclərin öz əlindədir. Gəmiçiliyin rəhbərliyi isə hər zaman onların yanındadır və bacarıqlı, savadlı mütəxəssislərin yetişdirilməsi üçün əlindən gələni edir.

 

Dövlət Dəniz Administrasiyası rəisinin müavini Şahlar Məmmədov təcrübəli dənizçi kimi tarixi məqamlara toxunaraq, müstəqil respublikamızda dəniz nəqliyyatının formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açdı. Azərbaycanın bir dəniz dövləti kimi beynəlxalq aləmdə tanınması, dənizçilik sahəsində nüfuz qazanması barədə gətirilən faktlar gənclərin xüsusi marağına səbəb oldu.

 

Görüşdə Azərbaycan Dövlət Dəniz Akademiyası haqqında videofilm nümayiş etdirildi, valideynlərə və məktəblilərə təhsil müəssisəsinin potensialı ilə bağlı ətraflı məlumatlar çatdırıldı. Qonaqlar Dəniz Akademiyasının auditoriya və laboratoriyalarını gəzdilər, beynəlxalq standartlara cavab verən tədris trenajorları ilə yaxından tanış oldular. Müxtəlif fakültələrin dekanları və kafedra müdirləri onları maraqlandıran bütün suallara ətraflı cavab verdilər.

 

Dəniz Akademiyasında "Açıq qapı günü" bilik bayramı ovqatı ilə yekunlaşdı.