- XƏBƏRLƏR -
3443 Arxiv
ADDA-da master-klass
2022.09.20 18:51

Finlandiyanın Turku şəhərində yerləşən, gəmiqayırma, sənaye və mülki mühəndislik sahəsində layihə və məlumatların idarə edilməsi üçün 3D, BIM və Digital Twin texnologiyalarına əsaslanan proqram təminatının aparıcı tərtibatçısı və təchizatçısı olan CADMATIC şirkətinin biznesin inkişafı üzrə meneceri Yevgeni Yeqorov Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olub. O, sentyabrın 20-də “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları və tələbə heyəti üçün ““CADMATİC” proqram təminatının istifadəsi və proqramda edilən yenilənmələr” mövzusunda  Master-klass dərsi aparıb.

Tədbirdə çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqov Akademiya ilə daimi əlaqə saxlayan qonağa razılığını ifadə edərək, belə təqdimatların bakalavr və magistrlərlə yanaşı, tədris aparan müəllimlər üçün də əhəmiyyətini vurğulayıb.

Y.Yeqorov dünyada tanınmış proqram təminatı istehsalçısı olan “CADMATİC” şirkətinin müxtəlif proqram təminatlarından - bütün növ gəmilərin, dəniz və sənaye obyektlərinin, dəbdəbəli yaxtaların, dünyanın ən böyük kruiz gəmilərinin, dəniz platformalarının və s. layihələndirilməsi imkanlarından bəhs edib, tədbirdə iştirak edən tələbə, magistr və müəlimlərin suallarını cavablandırıb.

Master-klass dərsinin yekununda çıxış edən “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri dosent İsaq Xankişiyev hazırda kafedrada tədris prosesində istifadə olunan “CADMATİC” proqram təminatının ödənişsiz yenilənməsinin həyata keçirilməsində göstərdiyi köməkliyə və akademiya ilə daimi əməkdaşlığa görə qonağa təşəkürünü bildirib.