- XƏBƏRLƏR -
2899 Arxiv
XVII Beynəlxalq elmi-texniki konfrans keçirilib
2022.05.06 11:12

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Dəniz nəqliyyatının problemləri” XVII ənənəvi Beynəlxalq elmi-texniki konfransı keçirilib.

 

Konfrans 5-6 may 2022-ci il tarixlərində onlayn formada baş tutub. Elmi-texniki konfransın Ulu öndər Heydər Əliyevin anadan olmasının  99-cu ildönümünə həsr olunması bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürüdür.

Beynəlxalq elmi-texniki konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətlərin və təcrübələrin təhlili, ortaq problemlərin müzakirəsi və onların həlli yolları üçün təkliflərin irəli sürülməsi və dəniz nəqliyyatında innovativ texnologiyalardan qarşılıqlı faydalanmaqdır. 

Elmi-texniki konfransa ümumilikdə 89 məruzə daxil olub. Onların sırasında Rusiya, Qazaxıstan və Ukraynadan da elmi məqalələr var. ADDA müəllimləri 40,  respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin müəllifləri isə 43 məqalə təqdim ediblər. Bu elmi işlər konfransın “Məruzə materialları” toplusunda dərc olunacaq.

Ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap edilməsi nəzərdə tutulur.