- XƏBƏRLƏR -
179 Arxiv
Ramazan bayramınız mübarək!
2022.04.29 11:10

Əziz həmkarlar!

Qarşıdan mübarək Ramazan bayramı gəlir.

Sizi insanların qəlbini bir-birindən gözəl duyğularla işıqlandıran bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.       

Mənin bu fikrimlə yəqin siz də razılaşarsınız ki, əzəli torpaqlarımızın beşdə birinin çörəkləri dizləri üstə olan xain qonşularımızın  tapdağı altında olduğu otuz ilə yaxın bir dövrdə Odlar yurdu ilə nəfəs alan hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyü  ilə bağlı idi.

Şükürlər olsun ki, müdrik dövlət başçımız cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti və Uca Yaradanın yardımçısı olduğu Ordumuzun rəşadəti   sayəsində bu arzumuz gerçəkləşəndən sonra bütün bayramlar kimi,  mübarək  Ramazanı da ürəyimiz istədiyi kimi, böyük könül xoşluğu ilə qeyd edirik.

İşğaldan azad edilmiş Qarabağda əvvəlki xoşbəxt həyatın bərpası isə bu müqəddəs torpaqlarımız uğrunda canından keçən şəhidlərin və yurd həsrəti ilə bu dünyadan köçənlərin xatirəsinə ən yaxşı abidə olacaq. Bu əziz günlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın xatirəsini dərin ehtiramla yad edir,  Ulu Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Müstəqil Azərbaycanda din dövlətdən ayrı olsa da, İslami dəyərlər uca tutulur. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi, “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Sadəcə olaraq, müstəqillik əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi qeyd edilir.”

Müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban bir ailə kimi yaşadığı Azərbaycanın bütün dünyada digər xalqlara və dini konfessiyalara hörmətlə yanaşan modern müsəlman ölkəsi kimi tanınmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Böyük əxlaqi-mənəvi, sosial əhəmiyyəti olan Ramazan  bəşər övladında səbr, iradə tərbiyə edir, ətrafındakılara münasibətdə həmişə xeyirxah, mərhəmətli olmağı aşılayır. İnsanların  mehriban şəraitdə yaşadığı cəmiyyətdə isə tərəqqi,  inkişaf təbii hala çevrilir.

Müqəddəs Ramazan bayramının gözəlliklərindən biri də budur ki, xalqımızın firavanlığı üçün də dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

Bu əziz bayram günlərində xalqımızın səadəti, əmin-amanlığı,  gənc müstəqil dövlətimizin  tərəqqisi ilə bağlı etdiyiniz bütün dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.         

Uca Yaradan mərhəmətini Odlar yurdunun üstündən heç vaxt əskik etməsin.

Bayramınız mübarək olsun!

 

Rauf Vəliyev,               

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri