- XƏBƏRLƏR -
2881 Arxiv
ADDA-da tələbələr üçün maarifləndirici tədbir keçirilib
2022.04.21 16:26

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Səbail Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov müasir dövrümüzdə narkomaniyanın bütün dünyada kütləvi bir bəlaya çevrilməsi səbəbindən belə maarifləndirici görüşlərin vacibliyini vurğulayıb. Təəssüflə qeyd edib ki, ölkəmizdə də bu bəlaya düçar olanlar var. Bu ölümcül vərdişin qarşısını almaq məqsədilə gənclər, əsasən də tələbələr arasında izahat işinin aparılması müstəsna əhəmiyyət daşıyır.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının mavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Milli QHT Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvi Rauf Zeyni, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə və Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Babayeva çıxış ediblər.

Çıxış edənlər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə 22 iyul 2019-cu ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının əhəmiyyətindən söz açıblar.

Dövlət Proqramı çərçivəsində görülən işlər sırasında ölkə gənclərinin də rolu qeyd edilib və təhsil müəssisələrində mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Qonaqlar tələbələrə narkomaniyanın tibbi nöqteyi-nəzərdən də insan orqanizmində gələcəkdə hansı fəsadlara yol açması barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda seminarın mövzusu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.