- XƏBƏRLƏR -
3421 Arxiv
ADDA-da Anım günü
2021.09.28 14:28

          Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Dövlət Dəniz Akademiyasında da Anım günü qeyd edilib. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

          Anım günü ilə əlaqədar ADDA-da təhsil almış şəhidlərimizin və qazilərimizin fotoları əks olunmuş xatirə stendinin açılış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifov xatirə stendinin Akademiyanın rektoru Heydər Əsədovun şəxsi təşəbbüsü ilə hazırlandığını, Vətən müharibəsinin simvolu olan “Dəmir yumruq” əməliyyatını və müzəffər Ali Baş Komandan İlham Əliyevi təcəssüm etdiyini diqqətə çatdırıb. Bildirib ki, ən qürurverici məqamlardan biri də bu şərəfli tarixi qələbəmizdə Akademiyanın qəhrəman tələbələrinin də payının olmasıdır. Hər bir tələbəmizin bir an belə tərəddüd etmədən Vətən yolunda canını qurban verməyə hazır olduğuna şübhə etmədik, o ruhu onlarda görmək bizə nəsib oldu. Şəhidlərimiz Qədirbəyli İnqılab, Kamilov Kamil, İmanov Bayrı, Novruzov Allahverdi, Rzayev Mirsəfa, qazilərimiz Məhərrəmli Cavid, Həmidli Eldar, Zorin Pavel, Rüstəmov Ramal, İbrahimov İbrahim, Məhəmmədzadə Cavad, Əliyev Zabil, Məlikov Ülvi, Əhmədov Bulud və başqaları o döyüşlərdə  tarix yazdılar və tarixin özünə çevrildilər, bizi dünyanın ən xoşbəxt, ən qürurlu müəllimləri etdilər.

          Vətən müharibəsində qazilərimizdən olan Eldar Həmidli keçdiyi döyüş yolundan, əsgər yoldaşlarının qəhrəmanlıqlarından, mənfur düşmən üzərində möhtəşəm qələbədən ətraflı söz açaraq, bu gün də Ali Baş Komandanın əmrinə hazır olduğunu vurğulayıb. O, döyüş əməliyyatlarının ən yüksək səviyyədə planlaşdırıldığını, əsgərlərimizin böyük əzmlə vürüşduqlarını, düşmənlərimizin isə bu şücaət qarşısında sadəcə sarsıldıqlarını xüsusilə qeyd edib. Gələcəyin kapitanı olan Eldar əmək fəaliyyətində də son dərəcə məsuliyyətli olacağına, gəmi sürücüsü kimi daim öz üzərində çalışacağına söz verib.

Daha sonra çıxış edən elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov Qarabağ Zəfərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna rolundan, Qələbəyə hazırlıq və azad olunan torpaqlarımızın bərpa proseslərində strateji rəhbərliyindən, Heydər Əliyev fondunun, xüsusilə də birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb, müharibənin maksimum texniki vasitələr və minimum insan itkisilə qazanıldığını ön plana çəkib. Qeyd edib ki, Qarabağ Zəfəri bütün xalqımızın qürurunu özünə qaytarıb, qorxmaz oğullarımızın qəhrəmanlığı ilə Azərbaycan tarixinin ən şərəfli səhifəsinə çevrilib. Buna görə biz müzəffər Ali Baş Komandana, qalib ordumuza, xüsusilə də şəhidlərimizə minnətdarıq.

Anım günü ADDA-nın 2-ci tədris korpusunda keçirilən xatirə mərasimində dekan Rafiq Əsgərov, “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev və başqaları öz çıxışlarında Vətən müharibəsinin tariximizdəki yeri, Şuşa fatehləri, dövlət-xalq birliyi, qələbəmizin tarixi, siyasi-iqtisadi və mənəvi-psixoloji aspektləri barədə təhlillər aparıblar, gənc nəslin tərbiyəsində rolundan danışıblar.

Azərbaycan Dənizçilik Kollecində də anım tədbiri təşkil olunub. Kollecin direktoru Namiq Ağamalıyev Azərbaycanda ordu quruculuğu, Qarabağ probleminin ədalətli həllində dövlət başçısı İlham Əliyevin tarixi xidmətləri, gənclərimizin döyüş ruhunun formalaşdırılması barədə fikirlərini bölüşüb, tədris prosesində tələbələrə aşılanmasının əhəmiyyətini vurğulayıb.

Anım günündə saat 12-də ADDA-nın bütün struktur bölümlərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!