AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ADDA-nın “Humanitar fənlər” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Rzayevanın dünya dilçiliyində hakim mövqedə olan antroposentrik paradiqm-sosiolinqvistika, psixolinqvistika və onun ən müasir qollarından olan koqnitiv dilçilik sahəsi üzrə “Azərbaycan dilçiliyinin dünya dilçiliyinə inteqrasiyası” adlı tədqiqat əsəri - monoqrafiyası çapdan çıxmışdır.
Monoqrafiya Azərbaycan, o cümlədən roman-german dilləri üzrə aparılmış araşdırmaların istiqamətlərini, onların elmi-nəzəri səciyyəsini verməklə bərabər, gələcəkdə müxtəlif dillərin struktur və funksional baxımdan öyrənilməsi ilə bağlı sonrakı araşdırmaların inkişafına təkan verə bilər. Monoqrafiyanın nəticələrindən nəzəri və tipoloji dilçiliyin müxtəlif aspektlərinin tədqiqində istifadə edilə bilər. Monoqrafiyadan ali məktəblərdə müxtəlif dillərin tədrisində, dilçiliyin ayrı-ayrı sahələrinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, elmi-metodik vəsait və proqramların hazırlanması işində faydalanmaq mümkündür.
Müəllif illərdir məşğul olduğu psixolinqvistika elminin nəticələrinin pedaqoji prosesdə uğurla tətbiqinə nail olmuş, 2021-ci ilin may-iyun aylarında təlim və tədris prosesinin müasir innovativ tətbiq üsullarıyla layihələndirilməsi üzrə İsveçrə akkreditasiyalı, dünyanın nüfuzlu beynəlxalq dərəcəli təlim kurslarını müvəffəqiyyətlə bitirmişdir.