- XƏBƏRLƏR -
741 Arxiv
Tələbələrimiz diplomqabağı təcrübədə
2021.03.29 10:38

Payız semestrinin imtahan sessiyasını başa vuran 4-cü kurs tələbələrimiz hər ilki kimi bu il də diplomqabağı təcrübəni keçməyə başlayıblar. Amma ötən illərdən fərqli olaraq bu təcrübənin keçirilib-keçirilməyəcəyi sual altında idi. Artıq 1 ildən çoxdur ki bütün dünyada davam edən COVİD 19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə builki təcrübənin baş tutmaması ehtimalı var idi. Qeyd edək ki, məhz bu məhdudiyyətlər üzündən keçən ilin diplomqabağı təcrübəsi yarımçıq qalmışdı.

Ölkəmizdə dəniz nəqliyyatı sahəsində aparıcı şirkət olan ASCO, həmişə olduğu kimi, bu dəfə də öz diqqət və qayğısını ADDA tələbələrindən əskik etmədi. ASCO sədri Rauf Vəliyevin birbaşa təşəbbüsü ilə tələbələrin bu ağır məhdudiyyətlər şəraitində təcrübə keçməsi üçün hər cür şərait yaradıldı.

Beləliklə, ADDA-nın 4-cü tədris ilində oxuyan “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 58, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 45, “Elektrik mühəndisliyi” ixtisasının 36 tələbəsi ASCO-nun Xəzər Dəniz Neft Donanmasının gəmilərində diplomqabağı təcrübə keçəcəklər.

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasının son kursunda oxuyan 36 tələbə isə Baki Gəmiqayırma Zavodunda diplomqabağı istehsalat təcrübəsində olacaqlar.  

Təcrübəyə başlamazdan öncə bütün tələbələr “Dənizçilər” poliklinikasında xüsusi tibbi yoxlanışdan keçiblər. Daha sonra onlardan koronavirus testi götürülüb və nəticəsi neqativ çıxan tələbələr təcrübəyə buraxılıblar.  

Tələbələrimizin təcrübə rəhbərləri Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin olunmuş heyət üzvləridir.

Əvvəlki tədris illərində tələbələr təcrübə zamanı öz ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, dilpomqabağı təcrübədə 4-cü kurslar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə müvafiq olaraq artıq tam sərbəst şəkildə növbəçəkməyə cəlb edilirlər.

Təcrübə bitdikdən sonra hər bir tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalı”nda apardığı qeydlər əsasında hesabat hazırlayır. İxtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən hesabat dinlənilərək qiymətləndirilir və bu qiymət tələbənin Yekun Dövlət Attestasiyasına buraxılmasında əsas rol oynayır.

Fürsətdən istifadə edib bir daha ASCO-nun və Baki Gəmiqayırma Zavodunun rəhbərliyinə tələbələrimiz üçün yaradılan şəraitə görə təşəkkürümüzü bildiririk.