- XƏBƏRLƏR -
3979 Arxiv
Sevinciniz bol olsun!
2021.03.05 10:47

Hörmətli xanımlar!

          8 Mart  gözəlliyin və sədaqətin rəmzi olan analarımızın, bacılarımızın, qızlarımızın bayramıdır. Sizi, zərif cinsin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan bütün nümayəndələrini Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

          Öz  ocağına və torpağına hədsiz məhəbbəti ilə seçilən Azərbaycan qadını bütün çətin dövrlərdə cəmiyyətimizin dayağı olmuş, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.

          Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, mahir siyasi xadimlər bəxş etmişdir. Anaların ən böyük xidməti isə varlığımızın anası saydığımız torpaqlarımızı qoruyan, onun yolunda canından keçməyə hazır olan övladlar böyütmələridir. Məhz belə oğullar keçən ilin noyabrında bizə heç nə ilə müqayisə edilməz Zəfər sevincini yaşatdılar. Qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı dünya Azərbaycan gənclərinin yurd sevgisinə və şücaətinə heyran qaldı. Hamımız üçün çətin sınaq günlərində analarımızın nümayiş etdirdiyi iradə və fədakarlığı isə sözlə ifadə etmək mümkün deyil.

          Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Zərif cinsin nümayəndələrinin böyük qüvvə olduğuna əmin olan Ümummilli liderin müəllifiyi ilə ərsəyə gələn  və müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların  fəal iştirakının hüquqi bazasını yaratdı. 1998-ci ildə ölkəmizdə Qadın Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətə başladı. “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncam və Fərman qadınların istənilən sahədə fəaliyyət göstərmələrini təmin etdi.   

          Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi qadınlara malik olduqları çox böyük potensiallarını təsdiq edə bilmələrinə geniş imkan yaradıb. Qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı  əmindir ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınları bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcəklər.

          Bu gün bütün dünya milli dəyərlərimizin və mədəniyyətimizin böyük təbliğatçısı, ümummilli problemlərimizin beynəlxalq müstəviyə çıxarılmasında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının nəyə qadir olduğunu aydın görür.  Birinci xanımın  zəkasının məhsulu olan, həmçinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bir-birindən dəyərli layihələr həmişə böyük maraqla qarşılanır.

          ASCO-nun həyatını da xanımlarsız təsəvvür etmək mümkün deyil. Hazırda Gəmiçiliyin çoxşaxəli və mürəkkəb təsərrüfatında yüzlərlə qadın çalışır.  İstedad və bacarıqlarını tam gerçəkləşdirə bilmələri üçün hər cür şərait yaradılan xanımlar gündən-günə çiçəklənən respublikamızın iqtisadi qüdrətinin artmasında əllərindən gələni əsirgəmirlər. Fırtınalar qoynunda  mütəmadi səfərlərə çıxan dənizçi xanımlar isə cəsarət və peşəyə bağlılıqlarına görə kimsədən geri qalmırlar.

          Hörmətli xanımlar!

          Sizi bir daha ülvilik, zəriflik və gözəllik  rəmzinə çevrilmiş, bahar  təravətli 8 Mart bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirəm. Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın!

 

Rauf  Vəliyev,  

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri