- XƏBƏRLƏR -
5646 Arxiv
ADDA-da 2021-ci ilin 1-ci yarım ili üçün tələbə təqaüdləri təyin edilib
2021.02.22 10:53

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müvəffəqiyyətlə başa vuran tələbələrə təqaüdün təyin olunması haqqında əmr imzalayıb.

Əmrə əsasən, ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının bakalavriat pilləsində təhsil alan 57 tələbəsi “əlaçı” təqaüdünə layiq görülüb. Bu tələbələr imtahan sessiyasını 91-100 bal aralığında göstərici ilə bitiriblər.

200 tələbə növbəti semestrdə “həvəsləndirici” təqaüd almaq şansını qazanıb. Qaydalara görə, bu tələbələrin imtahan sessiyası üzrə ümumi orta balı 71-100 və ən azından bir akademik fənn üzrə göstəricisi 91-100 bal arasında olmalıdır.

“Gəmi sürücülüyü” fakültəsinin 53 tələbəsi isə “adi” təqaüd alacaqlar.

Fakültənin magistratura pilləsində təhsillərini davam etdirən 4 magistrant “əlaçı”, 15 magistrant “həvəsləndirici” və 2 magistrant “adi” təqaüdə layiq görülüb. Magistrantlar üçün də təqaüdün təyin edilməsi zamanı imtahan göstəriciləri bakalavrlarda olduğu kimi eyni qaydada nəzərə alınır.

 

Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və ”Elektrik mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının imtahan sessiyasını uğurla başa vuran tələbələri də gələn semestr təqaüd almaq hüququnu qazanıblar.

 

Belə ki, fakültənin 21 bakalavr tələbəsi “əlaçı”, 156 tələbəsi “həvəsləndirici”, 95 tələbəsi isə “adi” təqaüd alacaq.

 

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin magistratura pilləsinin 3 magistrantı “əlaçı”, 4-ü “həvəsləndirici”, 4-ü isə “adi” təqaüd almaq hüququnu qazanıb.

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Akademiyanın 1 tələbəsi “əlaçı”, 5 tələbəsi “həvəsləndirici”, 1 tələbəsi isə “adi”  təqaüd miqdarının 2 mislini alacaq.