- XƏBƏRLƏR -
6375 Arxiv
2021-ci ildə canınız sağ, süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!
2020.12.30 12:28

Əziz həmkarlar!

Sizi qarşıdan gələn bayramlar – xalqımızın milli və mənəvi bütövlüyünü, azərbaycançılıq məfkurəsinə sədaqətini təcəssüm etdirən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Artıq tarixə qovuşmaqda olan 2020-ni dünya “COVID-19” pandemiyasının yaratdığı çətinliklərə görə ağır il hesab etsə də, bizim yaddaşımızda həmişəlik Zəfər ili kimi qalacaq. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə qürurverici, şanlı səhifə yazdı. Namərd qonşularımız tərəfindən cəlb olunduğumuz və cəmi 44 gün davam edən müharibədə qazandığımız parlaq Qələbə ilə 30 illik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Məhz  dövlət başçımızın sərkərdə qətiyyəti və siyasi müdrikliyi Ermənistanı diz çökməyə məcbur etdi. Bu baxımdan 2020 yaddaşımızda həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə ən böyük arzumuzu gerçəkləşdirən, bizi qalib xalqa, Azərbaycanı qalib dövlətə çevirən dahi sərkərdə İlham Əliyevin adının hər birimizin qəlbinə əbədi həkk olunduğu il kimi qalacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dediyi kimi: “Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”

Qələbənin qazanılmasında  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin çoxminli kollektivinin xüsusi payı olması da bizi az sevindirmir. Onlarla dənizçimiz Müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında könüllü iştirak etdi. Bir çoxunun sinəsini igidliklərinin rəmzi olan medallar bəzəyir. Arxa cəbhədə isə dənizçilər qüdrətli Azərbaycan naminə gördükləri işlərdə dövlət başçımıza dəstəyini ikiqat qüvvə ilə çalışmaqla ifadə etdilər. Qələbədən sonra biz tamamilə yeni – qalib və məğrur Azərbaycanda yaşayırıq və bundan çox məmnunuq. Bu günümüzə görə minnətdar olduğumuzu heç vaxt unutmayacağımız şəhidlərimizə Uca Yaradandan rəhmət diləyirik. Mənə elə gəlir ki, daha yaxşı işləmək, doğma Qarabağın bərpası layihələrinin gerçəkləşməsinə töhfə verməklə də şəhidlərimizin ruhunu sevindirə bilərik.

Hətta inkişaf etmiş ölkələrin belə, siyasi və iqtisadi problemlərin məngənəsində sıxıldığı ildə Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atması ən əvvəl təməli Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirdiyi kursun alternativsizliyini bir daha təsdiq edir. “Könüllülər İli”ndə beynəlxalq reytinq siyahılarında ön mövqelərdə yer aldıq. Qitələrarası mühüm tranzit və logistika mərkəzinə çevrilən Azərbaycanın artan iqtisadi qüdrəti geostrateji mövqeyini də xeyli gücləndirib.

2020-ci il ASCO üçün də uğurlu oldu. Gəmiçiliyin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müstəqil Azərbaycanın üçrəngli bayrağı altında üzən gəmilərimizin dünya sularında daha da möhkəmlənməsi, donanmalarımızın gücləndirilməsi üçün gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərin tikintisinin davam etdirilməsi kimi bir-birindən  xoş hadisələrin sevincini yaşadıq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin keçən il dekabrın 13-də  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Laçın” adlı ilk neft tankerinin istismara verilməsi və Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsinin suya salınması mərasimində səsləndirdiyi  “İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir” sözləri bizi  hədsiz sevindirdiyi kimi, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyətimizi heç vaxt unutmamağa səfərbər edib.

Bu il erməni faşistləri üzərində qələbə qazansaq da, digər düşmən – “COVID-19” ilə mübarizəmiz davam edir. Hər birimiz karantin qaydalarına ciddi riayət etməklə bu amansız virusla mübarizədən də qalib çıxa bilərik.

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.

Əziz həmkarlar!

2021-ci ildə canınız sağ, süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!

Rauf  VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri