- XƏBƏRLƏR -
6871 Arxiv
ADDA müəllimlərinin yeni kitablar nədən bəhs edir
2020.12.29 12:34

Xəbər verdiyimiz kimi bu yaxınlarda ADDA mətbəəsində Akademiya müəllimlərinin müəllifləri olduğu 10 yeni nəşr edilib. Bura dərsliklər, dərs vəsaitləri və metodik göstərişlər daxildir. Akademiyanın bütün ixtisas kafedralarında tədris edilən fənlərin öyrənilməsində müstəsna rol oynayacaq nəşrləmizin qısa xülasəsi ilə izləyicilərimizi tanış edirik.

 

ADDA-nın ”Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları əməkdar elm xadimi, professor Aydın Qafarov, professor Zahid Şərifov və dosent İsaq Xankişiyevin müəllifliyi ilə yazılmış "Etibarlılığın və uzunömürlülüyün əsasları" adlı dərslikdə etibarlılığın, uzunömürlülüyün və etibarlılığ nəzəriyyəsinin riyazi–fiziki əsaslarının vacib məfhumları və anlayışları verilmiş, gəmi maşın və avadanlıqlarının imtinalarına səbəb olan proseslər izah edilmiş, mürəkkəb texniki sistemlərin və onların elementlərinin etibarlılıq və uzunömürlülük xarakteristikalarının hesablanması və proqnozlaşdırılması metodlarına baxılmış, etibarlılığın və uzunömürlülüyün layihələndirmə, hazırlanma və istismar proseslərində yüksəldilməsi üsulları, eksperimental tədqiqatların və nəzarət sınaqlarının aparılması metodları göstərilib.

 

Həmin kafedranən dosenti Vüqar Sadıqov və dosent İsaq Xankişiyevin müəllifliyi ilə ərsəyə gələn "Gəmilərin layihələndirilməsi"  dərs vəsaitində gəmi layihələndirilməsini xarakterizə edən əsas xüsusiyyətlər, yəni, gəminin əsas xarakteristikalarının müəyyənləşdirilməsi, nəzəri çertyoj elementləri əyrilərinin qurulması üçün ardıcıl bölmələrdən ibarət metodika, gəminin enerji qurğusunun seçilməsi qaydaları, gəminin çəki yükünün hesablanması yolları, layihənin texniki-iqtisadi əsaslandırılması və s. bu kimi məlumatlar öz əksini tapıb.

 

“Maşınqayırma  texnologiyası” adlı dərs vəsaitininin müəllifləri Professor Nizami Yusubov, dosent İsaq Xankişiyev və baş müəllim  Rövşən Cabbarov sözügedən texniki ədəbiyyatı “Gəmiqayırma və gəmi təmiri mü­­hən­disliyi” ixtisası üzrə bakalvr hazırlığı üçün “Ma­şın­qa­yır­ma texnologiyası” fənninin proqramında nəzərdə tutulmuş la­bo­ra­to­­riya işlərinin təd­ri­si­ni gücləndirmək məqsədi ilə hazırlayıblar.

Burada fənn proqramına uyğun laboratoriya işləri, müvafiq cihazların, qurğuların, metalkəsən alət və dəzgahların sxemi, iş prinsipi göstərilməklə, yığcam və qısa nəzəri məlumatlar, suallar və cavablar öz əksini tapıb.

“Gəmi energetik qurğuları” kafedrasının baş müəllimi Nizami Alməmmədov və baş müəllim Rahab Tahirovun müəllifliyi ilə yazılan "Gəmi energetik qurğularının texniki istismarı"  adlı dərslikdə gəmi buxar qazanları, buxar və qaz turbinləri, daxili yanma mühərriklərinin istismarı, gəmi energetik qurğularının ekstremal şəraitdə istismarı, soyuducu qurğuların istismarı, köməkçi mexanizmlər və avadanlıqların istismarı və gəmi energetik qurğularının istismarına Beynəlxalq Konvensiyanın tələbləri verilib.

 

Kafedranın baş müəllimi Hüseyn Məmmədov və dosent Hacı Babayevin müəllifliyi ilə ərsəyə gələn "Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı" adlı dərslikdə maşın qazan şöbəsinin köməkçi mexa­nizm­ləri, gəmi göyərtə mexanizmləri və gəmi sistemləri haqqında geniş məlumatlar öz əksini tapıb.

 

Dosent Məhəmməd Rzayev və dosent Ağazeynal İsgəndərovun  "Gəmi buxar qazanları, buxar və qaz turbinləri" adlı dərs vəsaitində gəmi qazanlarının iş prinsipi və əsas elementləri, qazanda gedən proseslər, qazanların konstruksiyası, həmçinin turbin qurğularının termodinamik tsikləri, buxar və qaz turbinlərinin iş prinsipi, konstruksiyası və onun elementlərinin iş prinsipi şərh olunub. 

 

Dosent Hacı Babayevin hazırladığı "Motorçu hazırlığı"  adlı dərs vəsaitində  dəniz donanmasının gəmiləri və onların inkişafı, gəmi energetik qurğuları və onların tərkibi, gəmi buxar və qaz turbinləri, gəmi köməkçi mexanizmləri,  göyərtə mexanizmləri, metalkəsən dəzgahlar və alətlər, gəmi sistemləri” və əməyin mühafizəsi  haqqında ətrafli izahlar yer alıb.

 

“Gəmi elektroavtomatikası” kafedrasının dosentləri Vahid Fərhadov və Elşən Sultanovun müəllifliyi ilə yazılmış “Gəmi avtomatlaşdırılmış qurğularının müasir elementləri”  adlı  dərslikdə  gəmi avtomatlaşdırılmış qurğularının müasir elementlərinin təsnifatı, vericilər, gücləndiricilər, avtomatlaşdırma sistemlərinin giriş qurğuları, informasiyanı  emal edən qurğular və baza məntiq elementləri, kombinə olunmuş tipli  rəqəm qurğuları, ardıcıl tipli  rəqəm qurğuları, yarımkeçirici yaddaş qurğuları və siqnalların  rəqəm emalı qurğularının xarakteristikalari və onlar  haqqında ətrafli məlumatlar verilib.

 

“Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov “Elektrotexniki materaillar” adlı dərs vəsaitini isə kafedranın baş müəllim Aynurə Allahverdiyeva ilə birlikdə yazıb. Burada oxuculara elektrotexniki materialların təsnifatı, elektrotexniki materialların gəmiçilikdə rolu və əhəmiyyəti, elektroizolyasiya materialları, dielektriklər, dielektrik materialların gəmiçilikdə tətbiqi, keçirici və yarımkeçirici materiallar, yüksək müqavimətli materiallar, yüksə keçiriciliyə malik materiallar, əlvan metallar, odadavamlı və qrafit əsaslı materiallar, maqnit materialların təsnifatı və əsas xassələri, yumşaq və bərk maqnit materiallar və nanomateriallar haqqında ətraflı məlumatlar verilmişdir.

 

“Dəniz naviqasiyası” kafedrasının müdiri dosent Həzi Nəbiyevin müəllifliyi ilə ərsəyə gələn "Gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq qaydalar" (autentik tərcümə) dərs vəsaitində üzmə və idarəetmə qaydaları, gəmilərin hər görünüş şəraitində üzməsi, gəmilərin bir-birinin görünüşündə olan üzməsi, gəmilərin məhdud görünüş şəraitində üzməsi, işıqlar və işarələr, səs və işıq siqnalları, konvensiyanın tə­ləb­lə­rinə uyğun­lu­ğun təsdiqi, işıqlar və işarə­lə­rin yerləş­di­rilməsi və texniki deta­lları, bilavasitə yaxın­lıqda balıq ovu ilə məş­ğul olan        balıqçı gə­mi­­ləri  üçün əlavə siqnallar, səs siqnalları, qurğularının      texniki detalları, qəza siqnalları haqqında ətraflı məlumatlar verilmişdir.

 

Bir daha xatırladırıq ki, dərslik və dərs vəsaitlərindən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.